Muxtar respublikada məşqçi-müəllimlər üçün keçirilən seminarlar davam edir

Muxtar respublikada məşqçi-müəllimlər üçün keçirilən seminarlar davam edir
19:23 11 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 11 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün keçirilən seminarlar davam etdirilir.
AZƏRTAC xəbər verir ki, texniki-taktiki seminarda əvvəlcə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev boksçular üçün məşq keçib.
Naxçıvan Muxtar Respublika Stadionu binasında davam etdirilən seminarda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, son illərdə bütün idman növlərinin, eləcə də boksun inkişafına göstərilən diqqət öz bəhrəsini verməkdədir. Son illər gənc nəslin bu idman növünə marağı artıb. Naxçıvanda yüksək səviyyəli yarışların və turnirlərin keçirilməsi, idmançılarımızın dünya arenasında qazandıqları qələbələr boks idman növünün muxtar respublikada inkişafından xəbər verir. Muxtar respublika boksunun dünya idman ailəsinə inteqrasiyasında bu sahənin maddi-texniki bazasının gücləndirilməsi də mühüm rol oynayır. Yaradılan müasir idman infrastrukturu, eyni zamanda, bu sahəyə göstərilən diqqət dəri əlcək sahiblərimizi ruhlandırıb.
Keçirilən seminarların əhəmiyyəti barədə də danışan Məmmədcəfər Əliyev deyib ki, məşqçi-müəllim heyətinin bu seminarlara cəlb olunması məşqçi-müəllimlərin yeniliklər, yeni qaydalar haqqında məlumat almasına, ümumilikdə isə boks idman növünün inkişaf etdirilməsinə bilavasitə təkan verir.
Seminarda Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Tofiq Babanlı məşqçi-müəllimlərə Azərbaycanda boks idman növünün inkişafı, nəzəri və praktik əsasları haqqında məlumat verərək bildirib ki, bu idman növündə uğur qazanılması üçün işin nəzəri tərəfindən xəbərdar olmaq, məşqlərə cəlb olunan uşaq və gənclərin psixoloji durumuna yaxından bələd olmaq vacib məsələdir. Yarışlara çıxarılan idmançıların düzgün seçimi də qazanılan uğurların təməlini qoyan amillərdəndir.
Boks üzrə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev isə yeniyetmə boksçuların yarışlarda mütəmadi olaraq iştirakının əhəmiyyətindən danışıb, boks idman növündə perspektiv vəd edən uşaqların seçiminin məktəblərdə aparılmasının vacibliyinə diqqət çəkib. O qeyd edib ki, boks idman növü ciddi nizam-intizam, dəmir iradə, yaxşı fiziki hazırlıq, cəsarət və döyüşkənlik tələb edir. Ona görə də uşaqlar arasında seçim aparılarkən məhz bu xüsusiyyətləri büruzə verən uşaqlar seçilməlidirlər.
Qeyd edək ki, noyabrın 6-da belə bir seminar Şərur Olimpiya-İdman Kompleksində Şərur və Sədərək rayonlarından olan məşqçi-müəllimlər üçün də keçirilib. Seminarı kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev və Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Tofiq Babanlı keçiblər. Seminarda hər iki rayondan 50-yə yaxın idmançı iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_mesqchi_muellimler_uchun_kechirilen_seminarlar_davam_edir-901144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR