Erməni Bokanı anlamaq…

Erməni Bokanı anlamaq…
21:27 11 Noyabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu günlərdə erməni əsilli, məhşur bakılı müğənni Bokanın - Qafqaz şansonunun yaradıcısı hesab edilən, "Dolya vorovskaya", "Madam popuqay" və s. mahnıları ilə böyük şöhrət qazanan, hazırda Amerikada yaşayan Boris Arkadyeviç Davidyanın Azərbaycan saytlarının birinə verdiyi müsahibəni oxudum. Açığı, bu müsahibə məni xeyli düşündürdü, hətta səmimi etiraf edim ki, kədərləndirdi. Son yüz ildə yaşadığımız faciələri, ermənilərin törətdiyi vəhşilikləri xatırladım. Hələ də işğal altında olan torpaqlarımız, erməni əsirliyində əziyyət çəkən həmvətənlərimizi, vətənində ac-yalavac yaşayıb bu düşmənçiliyi davam etdirən sadə ermənilər, Ermənistandan qaçıb Azərbaycana sığınanları düşündüm...

Türkiyədə kifayət qədər tanınan dilçi alim və yazar Sevan Nişanyanla 5-6 il öncə gerçəkləşən söhbətimizi xatırladım. Nişanyan deyirdi ki, bu düşmənçiliyin heç bir millətə faydası yoxdur. Doğrudan da, bu savaş, bu barbarlıq sadə erməniyə və yaxud erməni şairinə, yazıçısına, musiqiçisinə, sənətçisinə lazımdırmı? Təbii ki, müharibəni dəstəkləyən, türk qanına susamış saysız-hesabsız erməni yazıçısı, sənətçisi, alimi, musiqiçisi var. Müharibəyə nifrət edənlər də az deyil. Hətta bir vaxt Azərbaycanda doğulan, bu ölkədə şad-xürrəm yaşayan ermənilərin çoxusu Azərbaycanın nisgili ilə yaşayır, Boka kimi...

Bokanın oxuduğu janr mənim musiqi zövqümə uyğun deyil, şanson musiqisini ildə bir dəfə dinləyəm, ya dinləməyəm. Bu janrın azərbaycanlı təmsilçiləri belə məni maraqlandırmır. Amma onlarla adam tanıyıram ki, onlar şansonu sevir, Bokanın sovet dövründə buraxılan kasetlərini bu gün də qoruyub saxlayır. Hətta Bakıda doğulub-böyüyən, Bokanı məclislərdə canlı dinləmiş bir qohumum söhbətlərimizdə onu müdafiə etməyə də çəkinmirdi. Elə Bokanın adını da ilk dəfə 15-16 il əvvəl ondan eşitmiş, "Madam popuqay" mahnısını onun avtomobilində dinləmişdim. Ondan eşitmişdim ki, Xocalı faciəsinin ildönümü günü Xocalıda verilən konsertdə oxumaqdan imtina edən Bokanı ermənilər döyübmüş. Qohumum onu da danışırdı ki, Boka bakılı xanəndə Hacıbaba Hüseynovun fanatı olub, hətta ondan oxumağın sirlərini öyrənib.  

Açığı bu söhbətlərdən sonra mənim erməni əsilli müğənniyə marağım yarandı. Bir neçə ifasını dinlədim və...

Peşəkar musiqiçi olmasam da, musiqi zövqümə güvənirəm. Bokanı dinləyəndən sonra əmin oldum ki, onlarla Azərbaycan müğənnisi açıq-aydın Bokanı yamsılayır, onun yolunu gedir, onun kimi oxumağa çalışır...

Müsahibədə Boka etiraf edir ki, bakılılar tez-tez radioproqramlarda ona zəng edib, Bakıda nə zaman konsert verəcəyi ilə maraqlanırlar. Bu, o deməkdir ki, Bokaya hələ də tələbat var və azərbaycanlı dinləyicilərin onu sevməsi həqiqətdir.

...Müsahibədə Bokanın nisgilini, yaşadığı yerləri yenidən görmək istəyini, Bakı həsrətini anlamağa çalışdım. Boka musiqiçidir, sənət adamıdır və dediyinə görə heç bir azərbaycanlıya pislik etməyib. Onun Bakı həsrəti nədənsə mənə səmimi göründü....
Unutmayaq ki, Boka sənətçi olsa da, həm də ermənidir və onun qandaşları, onun məxsus olduğu millətin nümayəndələri minlərlə azərbaycanlını qətlə yetirib, yüz minlərlə insanı yurd-yuvasından didərgin salıb.
Ermənilərin başımıza açdığı oyunları unutmaq, unutdurmaq, bu faciələri gözardı etmək mümkün deyil. Şübhəsiz ki, ermənilərin böyük qismi bizi düşmən gözündə görür və bu düşmənçilik bəlkə də əsrlərlə davam edəcək. Müharibəni, yüzminlərin ölümünə səbəb olanlar tamam başqalarıdır. Bokanın müharibənin başlamasında, məsum insanların öldürülməsində hər-hansı bir günahının olmasına inanmıram. Boka, sadəcə, qurbandır. Yüzminlərlə müharibə qurbanı kimi, yurd-yuvasına həsrət çəkən həmvətənimizi anladığım kimi Bokanı da anlayıram.

Boka bakılıdır, onun anası da, atası da Bakıda dəfn olunub.
Bokanın Bakıyla bağlı bitib-tükənməz xatirələri var.
Şuşa, Laçın, Kəlbəcər həsrəti çəkən, ata-babalarının məzarını görmək arzusuyla yaşayan, evinin, ocağının nisgili ilə qovrulan həmvətənlərimiz kimi Boka da valideyinlərinin məzarını, bir zamanlar yaşadığı evi görmək istəyir...

Qəbul etsək də, etməsək də bakılılar, şanson musiqisinin həvəskarları Bokanı sevir. O, radioda çıxış edəndə bakılılar ona zəng edir, xaricdə yaşayan həmvətənlərimiz heç nəyə baxmayaraq onu məclislərinə dəvət edir, ona ehtiram göstərir...
Hətta Boka ölüm ayağında olan hansısa həmvətənimizə videomüraciət göndərir, ona təskinlik, yaşamaq ümidi verir. Onun ölümünü xatırlayanda müsəlmansayağı "Allah rəhmət eləsin" deyir...
Bütün bunlar bir tərəfə, Boka Bakıya gəlmək, valideynlərinin məzarını ziyarət etmək, yaşadığı evi yenidən görmək istəyir.
O, Bakıya qayıdacağına, yenidən Bakı toylarında çıxış edəcəyinə də inanır.

Bəs Boka Bakını yenidən görə biləcəkmi? Yenidən Azərbaycan toylarında oxumaq ona qismət olacaqmı? 66 yaşlı müğənni buna inanır, hətta Azərbaycan şou-biznesindəki qalmaqallara da münasibət bildirir...

Bokanı anlamaq çətin deyil, çətin olan hətta müharibə bitsə belə, düşmənçiliyin bitməyəcəyini də anlamaqdır...

Bəlkə də minlərlə Azərbaycan şairi, yazıçısı, musiqiçisi, sənətçisi kimi erməni Boka da valideynlərinin məzarını görmək həsrəti ilə gedəcək bu dünyadan...

Bütün bunlar ciddi mətləblərdir. Bu faciədə müharibəyə, savaşa, düşmənçiliyə öz dar pəncərəsindən baxan bütün insanlar üçün ibrət vardır...

Cəlil Cavanşir
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR