Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

22:38 11 Noyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Azərbaycan-Gürcüstan: mədəniyyət sahəsində dostluq münasibətləri” mövzusunda tədbir keçirilib.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Gürcüstan Parlamentinin Milli Kitabxanasının birgə təşkil etdikləri tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, tanınmış elm, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva, milli kitabxananın sədr müavini Mirian Xositaşvili çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışıb, bu əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, Azərbaycan Prezidentinin Gürcüstana sonuncu səfəri ikitərəfli əlaqələrimizin bütün sahələrdə inkişafında yeni mərhələ açıb.
Çıxışlarda elm, incəsənət və mədəniyyət xadimlərinin mədəni əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində səylərini artırmalarının, onların əsərlərinin, ayrı-ayrı məqalələrin toplanaraq kitab halında çap olunmasının vacibliyi vurğulanıb.
Sonda M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan Parlamentinin Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənəddə ikitərəfli mədəni əlaqələrin inkişafına töhfə vermək, birgə layihələr hazırlamaq, foto, rəsm, kitab sərgilərinin, konsert proqramlarının təşkili və s. məsələlər nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tbiliside_Azerbaycan_Gurcustan_medeni_elaqelerinin_inkisaf_perspektivleri_muzakire_olunub-901209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR