Azərbaycana havadan təhlükə

Azərbaycana havadan təhlükə
10:32 12 Noyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın bölgədəki bəzi addımları heç də sülhün möhkəmlənməsinə və barışın əldə olunmasına hesablanmayıb.

Bunu hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov Milli.Az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Qafqaz regionunda hava hücumundan müdafiə sisteminin yaradılması barədə Ermənistanla razılaşmanın imzalanmasını nəzərdə tutan sərəncam verməsi xəbərinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, əslində yeni sistem Rusiyanın Ermənistandakı hərbi bazasının təhlükəsizliyini təmin etmək üçün yaradılır:

"Tam səmimi deyirəm ki, mənim Ermənistanın hazırkı durumuna sadəcə ürəyim ağrıyır. Bir ölkə ki, adı müstəqil olub, özü elementar şəkildə sərhədlərini, hava məkanını öz gücünə qorumaq iqtidarında deyil, o necə müstəqil şəkildə fəaliyyət göstərə bilər? Bu utanmazlar hələ hansısa iddialarda və xam xəyallarda özlərini  görmək istəyirlər.  Ermənistanın və Rusiyanın birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqqında deyilənlər də bir daha sübut edir ki, bunlar yalnız və yalnız rəsmi Moskvanın onları öz qanadı altında saxlayacağına və bu şəkildə də ömürlərinin sonuna kimi fəaliyyət göstərəcəklərinə ümid bəsləyirlər. Reallıqda isə bu yaradılan sistem daha çox Rusiyanın Ermənistandakı 102-ci bazasının təhlükəsizliyini və gündəlik fəaliyyətini təmin etmək üçün həyata keçirilən bir addımdır. Mən bunu daha çox bununla əlaqələndirirəm".

Ü.Cəfərov hesab edir ki, o, Azərbaycana qarşı əməliyyatlarda Rusiyanın Ermənistanı müdafiə edəcəyini düşünmür: "Azərbaycan üçün bu hadisənin o qədər də ciddi bir təhlükə olmasını düşünmürəm. Ona görə ki, biz Ermənistanla hər hansı açıq müharibəyə hazırlaşmırıq. Azərbaycanın yeganə tələbi və istəyi ondan ibarətdir ki, Qarabağ ərazisində işğal altında olan doğma yurd yerlərimizi tez bir zamanda geri qaytaraq  və orada vətəndaşlarımızın normal yaşayışını təmin edək. Və mən onu da düşünmürəm ki, Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdə Rusiya silahlı qüvvələri hər hansı addım atsın və düşməni açıq şəkildə müdafiə etsin. Ən azından bu, Rusiyanın özü üçün xoşagəlməz nəticələrə gətirib çıxarar. Sözsüz ki, Rusiyanın bölgədəki bəzi addımları heç də sülhün möhkəmlənməsinə və barışın əldə olunmasına hesablanmayıb. Bunu açıq demək lazımdır ki, həm Xəzər dənizində, həm bölgədəki bəzi münaqişə ocaqlarında Rusiyanın sərgilədiyi mövqe ən azından təəssüf doğurur. İnanmaq istərdik ki, bu gərginlik yaxın zamanlarda sakit məcraya düşəcək".

Hərbi ekspert dünən prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi şəhərciyini ziyarət etməsinin bu məsələ ilə əlaqəsinin olması ehtimalına da aydınlıq gətirib: "Bunu da istisna etmək olmaz ki, Ermənistan Rusiyanın HHM sisteminə arxalanırsa, Azərbaycan öz gücünə və mütəxəssislərinə bel bağlayır. Ola bilsin ki, bu bir təsadüfdur, amma fakt faktlığında qalır ki, Azərbaycan regionda ən güclü HHQ və HHM sistemlərinə malikdir. Zatən bu keçmiş SSRİ zamanında da belə olub ki, bölgədə Moskvadan sonra ən etibarlı hava hücumundan müdafiə sistemi həmişə məhz Bakıda, Azərbaycanda olub".

Qeyd edək ki, dövlət başçısı hərbi şəhərcikdə olarkən S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə də tanış olub.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/381821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR