Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sehrbaz cırtdan”, “Bacarıqlı qarışqa”, “Divar”...

“Sehrbaz cırtdan”, “Bacarıqlı qarışqa”, “Divar”...

Date: 12 November 2015 11:07

Hücumçuların daha çox parladığı və tanındığı müasir futbolda elə müdafiəçilər var ki, sərgilədikləri futbolla adlı-sanlı forvardlardan heç də geri qalmırlar. Onlardan biri də Almaniya futbolunun canlı əfsanəsi Filipp Lamdı. Filipp uzun illərdir ki, “Bavariya”nın şərəfini qoruyur. O, həm də 2014-cü ilə kimi Almaniya yığma komandasının üzvü və kapitanı olub. Klubu bundestimlə xeyli uğurlar qazanıb. Bu gün Filippin ad günüdür. Məhz qəzetimizin 3 yaşını qeyd etdiyi gün Lam “31”i yola salacaq. Ad güdündə onun haqqında yazını təqdim edirik. 

Uşaqlıq illəri

Filipp Lam 1983-cü il noyabrın 11-də Almaniyanın Münhen şəhərində dünyaya gəlib. Balaca Filipp ilk dəfə 5 yaşında futbola “tanış olub”. Səbəbkar atası idi. Futbolu çox sevən Roland Lam övladını Gerndəki futbol məktəbinə yazdırır. Burada onun uşaq bağçasındakı dostu da futbolla məşğul olurdu. 1994-cü ildəki təsadüf Filippin gələcək futbol həyatında silinməz iz buraxır. Gerndəki uşaqların məşqini izləyən “Bavariya”nın Futbol Akademiyasının məşqçisi Yan Pint Lamın oyununu bəyənir və bir neçə dəfə futbolçunun oyununa baxmaq üçün komandanın məşqlərinə gəlir. Bu cür istedadı əldən buraxmaq olmazdı. Az sonra Pintin istəyi ilə Lamı “Bavariya”nın Futbol Akademiyasına qəbul edirlər. Peşəkar futbola qədəm qoyana kimi onunla məşğul olan hər bir məşqçi Filippin gələcəkdə dünya səviyyəli futbolçu olacağını deyirdi. Balaca Lam 2001 və 2002-ci illərdə gənc futbolçuların mübarizə apardığı Bundesliqanın qalibi olub. İlk dəfə finalda “Bavariya” “Bayer”i 3:2 hesabı ilə məğlub edib. 2002-ci ildə isə “Ştutqart” darmadağın edilib - 4:0. Yeri gəlmişkən, 2-ci çempionluqda Lam komandanın kapitanı idi və Bastian Şvaynştayger, Andreas Ottl, Kristian Lell, Mixael Renzinq və Pyotr Traxovski kimi gələcək ulduzlarla bir komandada çıxış edirdi. Başqa bir maraqlı məqam futbolçunun həmin vaxt yarımmüdafiəçi kimi çıxış etməsi idi.


2011-ci ildə, 17 yaşı olarkən “Bavariya-2”ə cəlb edilən Lam yaşının azlığına baxmayaraq, komandanın kapitanı seçilir. “Bavariya-2”nin o vaxtkı baş məşqçisi German Herald Lam haqqında deyirdi: “Məşqçilik karyeram ərzində çox futbolçularla işləmişəm. Ancaq Filipp qədər istedadlısı ilə rastlaşmamışam”.

İstedadlı gənc yeni komandanın heyətində debütünü 2001-ci il avqustun 25-də Burqhauzen “Vaker”i ilə oyunda edib. Əvəzlənmədən meydana çıxanLam mövsüm ərzində 27 matçda iştirak edib və 2 qol vurub. İlk qolunu dekabrın 1-də “Darmştat”ın qapısından keçirən yarımmüdafiəçi ikinci halda Fulda “Borussiya”sını (7 aprel) məyus edib. Az qol vurmasının səbəbi isə mövsümün gedişində yarımmüdafiədən müdafiəyə keçirilməsi olub.

Filipp “Bavariya-2”də keçirdiyi 1 mövsümdə əsas komandanın baş məşqçisi Ottmar Hitsfeldin “gözünə girməyi” bacarıb. 2002-ci il noyabrın 13-də Çempionlar Liqasının qrupp mərhələsində “Lill”lə oyunun 90-cı dəqiqəsində Filipp əsas komandada ilk oyununa çıxdı. O, Markus Foylneri əvəzlədi. Bundesliqada isə oynumaq ona hələ qismət deyilmiş. “Bavariya-2”də yarımmüdafiənin hər yerində çıxış etməyi bacaran futbolçunu əsas komandada müdafiənin sağında oynatmaq üçün gözaltı etmişdilər. Müdafiənin cinahlarında Vili Sanyol və Biksan Lizarazyü çıxış etdiyindən Lama yer tapılmırdı və məşqçilər korpusu oyun praktikasını artırması məqsədilə Filippi 2003-cü ilin yayında icarə əsasında “Ştutqart”a verdilər.

“Ştutqart”

İcarə müqaviləsinin müddəti 2 illik idi. “Ştutqart”ın baş məşqçisi Feliks Maqat Lamı sağ cinah müdafiəçisi Andreas Hinkelin yerinə oynatmadı. Həmin vaxt Andreas yerinin “ağası” idi. Əvəzində gənc futbolçu sol cinah müdafiəçisi Heyko Gerberi əsas heyətdən sıxışdırıb çıxarmağı bacardı. 


Filipp “Ştutqart”da debüt oyununa 2003-cü il avqustun 3-də Bündesliqanın ilk turunda Rostok “Hanza”sı ilə oyunun 76-cı dəqiqəsində Silvio Mayssneri əvəzləyərək çıxıb. 6-cü turda isə o, komandanın ilk “11-liy”ində idi. Mövsüm ərzində o, Bundesliqada 31, Çempionlar Liqasında isə 7 oyunda meydanda oldu. Daxili çempionatda 3 aprel 2004-cü il tarixdə “Volfsburq”la oyunda (5:1) ilk qolunu vuran müdafiəçi mövsümün yekunlarına əsasən Bundesliqanın ən yaxşı futbolçusu yarışında Ayltondan sonra 2-ci yeri tutdu. 
“Ştutqart”dakı 2-ci mövsüm Lama düşərli olmadı. 2004-cü il Avropa Çempionatında Almaniya yığmasının heyətində çıxış edən futbolçu ilk dövrədə bir neçə oyun buraxdı ki, buna da səbəb komandanın yeni baş məşqçisi Matias Zammerin taktikasına uyğun gəlməməsi idi. 2005-ci ilin yanvarında ayağının sınması heç yerinə düşmədi. 3 aydan çox çəkən müalicədən sonra 2005-ci ilin 9 aprelində “Şalke” ilə oyunda yenidən yaşıl meydana çıxan Filipp 5 həftə sonra bu dəfə dizindən zədələndi. Bu, onun “Ştutqart” karyerasının sonu idi.

“Bavariya”

İyulda “Bavariya”nın düşərgəsinə qayıdan futbolçu 2 aya yaxın zədəsinin müalicəsi ilə məşğul oldu. Tədricən əvvəlki formasını bərpa etməyə başladı və noyabrın 19-da “Arminiya” ilə oyunda (2:1) “Bavriya”nın heyətində ilk Bundesliqa matçına çıxdı. Mövsümün sonunda Biksan Lizarazyü karyerasını bitirməklə Lam üçün yer boşaltdı. Lamın “Bavariya” karyerası haqqında uzun-uzadı yazmağa ehtiyac görmürük. Geridə qalan müddətdə yalnız Münhen komandasının şərəfini qoruyan Filipp bu gün nəinki klubunda ümumiyyətlə, bütün dünyada ən dəyərli müdafiəçilərdən biridir. Onun transfer qiyməti 30 milyon avrodur.


Milli karyerası

İlk dəfə Almaniyanın U-17 yığma komandasında oynayıb. 2002-ci ildə 19 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. Ardınca U-20 və U-21 yığmalarında da bir neçə dəfə çıxış edib. Sərgilədiyi futbol onu Avro-2004-ün iştirakçısı edib. Buna kimi Rudi Föllerin dəvəti ilə 2004-cü il fevralın 18-də Xorvatiya ilə oyunda əsas heyətdə meydana çıxaraq yığmada debüt etmək imkanı qazanmışdı. Söz düşmüşkən, “Kicker” jurnalının apardığı sorğuya görə həmin qarşılaşmanın ən yaxşı futbolçusu Lam seçilmişdi. Avro-2004-ün qrup mərhələsindəki hər 3 oyunda əsas heyətdə meydana çıxan Lamın komandası növbəti mərhələyə çıxa bilmədi. Ancaq mütəxəssislər Lamın oyununa hansısa irad bildirməyərək onun gələcəkdə komandanın liderlərindən biri ola biləcəyini deyirdilər. Belə də oldu. Bəstəboy (Lamın boyu 170 sm-dir - red.) tədricən lider adını özəlləşdirə bildi. Avro-2008 və Avro-2012, DÇ-2010-un mükafatçıları sırasında yer alan futbolçu 2014-cü ildə dünya çempionu olarkən komandasının kapitanı idi. 
Mundial başa çatan kimi (18 iyul, 2014-cü il) Lam yığma karyerasını bitirdiyi barədə mətbuata açıqlama verdi. Yığmanın yeni kapitanı bir vaxtlar Filipplə uşaq futbolunda çıxış etmiş Bastyan Şvaynştayger seçildi.


Şəxsi həyatı

Cənubi Afrikadakı mundialdan sonra 10 ildən çox münasibətdə olduğu Klaudia Şattenberqlə ailə həyatı qurub. Toy mərasimi iyulun 13-də Ayinq şəhərində keçirilib. Maraqlıdır ki, cütlüyün toyuna futbolçulardan yalnız uşaqlıq dostu Culian Ottl dəvət olunmuşdu. Şəhər meri Yohann Ayhlerin də qatıldığı toydan əvvəl isə Müqəddəs Emmeram kilsəsində rəsmi nigah bağlamışdılar. 2012-ci ilin avqustunda Lam ailəsinin oğlan övladı dünyaya gəldi. Körpəyə Yulian adı verdilər. 


Ulduz futbolçu müxtəlif sosial layihələrin iştirakçısı olmaqla yanaşı xeyirxah əməllərindən də qalmır. Buna görə 2009-cu ildə “Bayerischen Sportpreis” mükafatına layiq görülən Lam 2011-ci ildə “Philipp Lahm-Stiftung” adlı xeyriyyə fondu təsis edib. Fond Almaniya və Afrikada köməyə ehtiyacı olan uşaqlara yardımla məşğuldur.
Lam 2011-ci ildə “Futbolçu olmaq necə mümkündür” adlı kitab nəşr etdirib. Kitabda onun uşaqlıq həyatı, futbola gəlişi və s. haqqında fikirləri yer alıb.

O, həmçinin filmdə də çəkilib. Rejissor Qrants Hemmanın 2010-cu ildə ərsəyə gətirdiyi “Lənətə gəlmiş futbolçular” filmində Lukas Podilski ilə birlikdə özlərini canlandırıblar.

Nailiyyətləri

“Bavariya”: 6 dəfə Almaniya çempionu (2006, 2008, 2010, 2013, 2014, 2015), 5 dəfə Almaniya Kubokunun (2006, 2008, 2010, 2013, 2014), 2 dəfə Almaniya Superkubokunun (2010, 2012), 1 dəfə Futbol Liqası Kubokunun (2007), UEFA Superkubokunun (2013), Çempionlar Liqası Kubokunun (2012/13) sahibi və Klublararası dünya çempionatının (2013) qalibi.

Yığma: Dünya çempionu (2014), 2 dəfə dünya çempionatının bürünc medalçısı (2006, 2010), Avropa Çempionatında 2-ci (2008) və 3-cü yer (2012).

Şəxsi mükafatlara gəlincə, onların sayı 20-dən çoxdur.


“Het-trik news” qəzeti

Tags:  Sehrbaz cırtdan Bacarıqlı qarışqa Divar

RƏYLƏR


Top news