"Günəşli" yatağında mövsümi ekoloji monitorinq keçirilib

"Günəşli" yatağında mövsümi ekoloji monitorinq keçirilib
12:37 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsi 2015-ci il üzrə iş planına uyğun olaraq, “Azneft” İstehsalat Birliyinin neft-qaz yataqlarında mövsümi ekoloji monitorinqi başa çatdırıb.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ildə sonuncu ekoloji monitorinqi noyabrın ilk dekadasında “Məmməd Süleymanov” elmi-tədqiqat gəmisi vasitəsi ilə “28 May” NQÇİ-nin “Günəşli” yatağında aparılıb.
Ekoloji monitorinqə uyğun olaraq yataq ərazisində seçilmiş stansiyalarda dəniz dibindən dib çöküntüləri, bentos, mikrobioloji, fitoplankton, zooplankton nümunələri götürülərək qablaşdırılıb. Hidrobioloji tədqiqatlar üçün canlı orqanizmlər formalin məhlulu ilə fiksasiya edilib.
Dənizin 3 qatından (alt, orta, üst) 90-160 metr dərinliklərdən götürülmüş su nümunələrinin fiziki-kimyəvi parametrləri təyin edilib. Monitorinq zamanı su axınları, havanın keyfiyyəti, səs-küy və digər parametrlər möbil cihazlarla təyin edilib, qeydlər aparılıb. Götürülmüş nümunələr, dib çöküntüsü və suyun kimyəvi, fiziki-kimyəvi, hidro və mikrobioloji analizlərinin aparılması üçün Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
İlin sonuna qədər monitorinqin nəticələrinin təhlili, əvvəlki monitorinq göstəriciləri ilə müqayisəsi və yataqda ekoloji vəziyyət haqqında hesabat hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, ekoloji monitorinqin və laboratoriya tədqiqatlarının aparılmasında məqsəd dəniz ekosisteminə təsir edə biləcək çirklənmənin illər üzrə dəyişmə dinamikasının elmi əsaslandırılmış təhlili və müəyyən edilmiş nəticələrdən gələcək fəaliyyətin planlaşdırılmasında istifadə edilməsidir. Ekoloji monitorinqin yerinə yetirilməsi üçün layihə hazırlanıb, yataqlarda mövcud ekoloji vəziyyətin öyrənilməsi və qiymətləndirilməsi üçün bütün zəruri indikatorlar layihəyə daxil edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gunesli-yataginda-movsumi-ekoloji-monitorinq-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR