Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dördüncü Beynəlxalq “Harmoniya” Dostluq Festivalının qalibləri məlum olub

Dördüncü Beynəlxalq “Harmoniya” Dostluq Festivalının qalibləri məlum olub

Date: 12 November 2015 12:43


Bakı, 12 noyabr, AZƏRTAC
Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Gürcüstanın Folklor və Klassik Musiqinin İnkişafı Birliyinin təşkilatçılığı ilə Dördüncü Beynəlxalq “Harmoniya” Dostluq Festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin böyük zalında keçirilən tədbirə məktəbin şagirdləri ilə yanaşı, paytaxtın 2, 11, 12, 15, 26, 35 nömrəli musiqi məktəblərinin şagirdləri qatılıb.
Festivalın ilk iki günündə Gürcüstan və Azərbaycan uşaqlarının ifasında yüzdən çox Azərbaycan, gürcü, rus və Avropa musiqi inciləri səslənib.
Gənc musiqiçilər üçün bayrama çevrilən bu tədbirin son günündə münsiflər heyəti qalibləri seçərək, onları diplom və mükafatlarla təltif ediliblər.
Festivalın əsas mükafatını Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel) qazanıb. Gələn il Türkiyədə keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək O.Hüseynovun maliyyə xərcləri festivalın təşkilatçıları tərəfindən ödəniləcək. Bundan başqa, daha iki iştirakçının - R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Emil Əhmədzadənin (fortepiano) və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nailə İbrahimovanın (fortepiano) bu müsabiqədə iştirak etmə xərclərinin 50 faizini də festival təşkilatçıları öz üzərilərinə götürüblər.
Qonaqların Bakı ilə tanışlığı və festivalın gedişatı zamanı lentə alınmış görüntülər Gürcüstanın “İnkognito” televiziyası tərəfindən hazırlanacaq sənədli filmin əsasını təşkil edəcək.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival mütəxəssislər arasında təcrübə mübadiləsinə şərait yaradaraq Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.



Tags:  Dördüncü Beynəlxalq Harmoniya Dostluq Festivalının qalibləri məlum olub


RƏYLƏR


Top news