Teleaparıcı Ulvira: "Beynim qırışmayacaq ki..." - FOTO

Teleaparıcı Ulvira: "Beynim qırışmayacaq ki..." - FOTO
15:52 12 Noyabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az femida.az-a istinadən tanınmış telejurnalist, ANS-in efirində yayımlanan "Beş barmaq" verilişinin aparıcısı Ülvira Qarayeva ilə müsahibəni təqdim edir:

- Nə yenilik var?

- "Beş barmaq" boyda yenilik var. Sanki, hər şeyi yenidən başlamışam. "Beş barmaq" yeni nəfəs gətirib. Tamaşaçı üçün yenilikdir, mənim üçün keçmişə qayıdışdır.

- Rəhbərlik sizə necə güvənib "Beş barmaq" kimi lahiyəni verdi?

- Təbii ki, ehtiyatlanırdılar. Çünki uzun müddət idi ki, şou sahəsində idim. Demək ki, "İç xəbər"dən gəldiyimi unutmayıblar.

- Yekəxanalıqla özünə güvənməyi necə ayırd edə bilirsən? Sənin də haqqında "yekəxana" deyənlər az deyil.

- Yekəxanalıq mənə yaddır. Bilmirəm, nə deməkdir. 5 dəqiqəlik ünsiyyətdən sonra əmin olurlar ki, yekəxanalıqdan çox uzaqlardayam. 

- 5 dəqiqənin içində nə göstərirsən ki, qarşındakı sənin səmiyyətinə inanır?

- Səmimiliyimi, gülərüzlülüyümü...

- Məsələ burasındadır ki, mən səmimiyyət sözünün özünə inanmıram. 

- O kəlməni başqa sözlə əvəz edib inana bilərsən.

- Tamaşaçı sənə niyə baxmalıdır?

- "Beş barmaq" formatında ikinci proqram yoxdur axı...

- Niyə ki, İctimai Televiziyada kifayət qədər ciddi debat proqramları var.

- Bizim mövzulara verdiyimiz quruluş fərqlidir.

- Tamaşaçı digər ciddi proqramlardan niyə yan keçir?

- Tamaşaçı şou proqramlara meyllidir.

- Əksinə, tamaşaçı mütəmadi olaraq deyinir ki, səviyyəli proqram yoxdur. Faktiki əlimizdə "Beş barmaq" kimi fərqli və ciddi proqram var. Bəs niyə partlayış yoxdur?

- Belə proqrama baxış partlayış yarada bilməz.

- Sənin proqramının tamaşaçısı kimdir?

- Proqramıma çağırdığım qonaqlar. Ciddi, maraqlı, dünyadan, baş verən dəyişikliklərdən xəbərdar insanlar.

- Bir proqramın bir problemin həllinə gücü çatar?

- Proqramın işi problem həll etmək deyil. Televiziyanın işi işığı yandırıb məsələ haqda xəbərdarlıq etməkdir. 

- Deməli, proqram yalnız sadə tamaşaçıya yox, həm də yüksək dairələrə hesablanıb. Proqram başladığı gündən "yuxarılardan" narazılıq edənlər olub?

- Əksinə, dəstək verənlər olub.

-  Dəstəyi daha çox hansı formada görmüsünüz?

- Bu haqda lahiyə rəhbəri Eldəniz Elgün danışa bilər.

- Şoudan gəlmisən. Yeni proqrama gələn qonaqlar üçün aparıcı qismində səni görmək şok effekti yaratmırdı ki?

- Böyük şok idi. Eldəniz Elgün qonaqları efirə dəvət edəndə demirdi ki, aparıcı mənəm. Qonaqlar məni studiyada görürdü. İmtina edib getmək şansları da az idi. Çünki studiyamız Lökbatanda yerləşir. Qonaqları geri yalnız televiziyanın maşını apara bilər. Proqramın sonunda deyirlər ki, yenə gələcəyik.

- Proqramına gələnlər yanında Elgizi axtarmır ki?

- Olur.

- Elgizi Eldənizlə əvəz etmək çətin olmadı ki?

- İkisi də çox istədiyim insanlardır. Elgiz səmimiyyət abidəsidirsə, Eldəniz də ikiayaqlı beyindir. 

- Eldəniz Elgün jurnalistikada siyasi müzakirələri ilə yadda qalıb. Proqrama sənin aparıcılıq edəcəyini biləndə narazı olmadı ki?

- Qətiyyən. Əksinə, biləndə ki, aparıcı mənəm, sevindi. Biz bir-birimizi "İç xəbər"dən tanıyırıq. "İç xəbər"də qaynar materiallarımızdan xəbərdar idi. 

- Səni xəbər jurnalisti kimi tanıyanlar həmişə "Heyf Ülviradan" deyir. Bəs özün necə? Şou sahəsində keçirdiyin vaxta görə heyfsilənirsən? Həmin templə davam etsəydin, indi harada ola bilərdin?

- Mahiyyət etibari ilə heyfsilənən adam deyiləm. Siyasi karyeraya iddiam olmayıb. Mənə də çox deyirdilər, sən şouluq deyilsən. Həm də şou sahəsində olduğum müddət məni efirə, rahat olmağa, vəziyyətdən çıxmağa alışdırdı. 

- Tamaşaçıya nə qədər müddət lazımdır ki, ciddi obrazına alışsın?

- Tamaşaçı alışıb. Çoxu deyir ki, mənə yaraşan elə budur.

- Özün alışmısan?

- Çətin oldu. Onsuz da, hər yeni lahiyədən əvvəl yuxuda görürəm ki, efir başlayır və mən danışa bilmirəm. Çox ehtiyatlanırdım. Yelena Sidarenka rəqqasə idi, ANS onu aparıcı etdi.

- Edə bildimi?

- Hər halda xəbər aparıcılığı edir.

- ANS rəhbərliyi səndən razıdır?

- ANS-də danlanmırsansa, divardan-divara vurulmadınsa, deməli, narazı deyillər.

- Reytinq cədvəlində proqramın axırlarda olsa, necə?

- Hamı bilir ki, mənim proqramım reytinq arxasınca qaçmır, reytinqə hesablanmış proqram deyil. Heç bir televiziyada bu tipdə proqramın reytinqi vurub dağıtmır.

- Başqa nələr etmək olar ki, tamaşaçı ciddi və məlumatlandırıcı proqramlara baxsın?

- Tamaşaçı özü seçməlidir. Ciddi proqram kütlə üçün nəzərdə tutulmur.

- Ciddi proqramlarda aparıcıya niyə eynək taxıb, kişi kostyumu geyindirirlər? Rahat paltarda ciddi mövzudan danışmaq olmaz?

- Bizdə yox. Tamaşaçının mənim ciddi imicimə gözü alışmalı idi. İndi kostyumumu çıxartmışam.

- ANS əməkdaşları həmişə deyir ki, bütün proqramlardan əvvəl iclaslar keçirilir, hazırlıq olur, daima nəzarətdəyik. Hər şey bu qədər nəzarətdədirsə, ANS rəhbərliyi niyə mütəmadi olaraq əməkdaşlarından narazıdır?

- Demək ki, televiziya ilə bağlı tələblər getdikcə artır.

- Belə bir söz var ki, yaxşı rəhbərlik Allah kimidir. İşçi onu görmür, ancaq o həmişə var. Sizdə necədir?

- Bizdə varlığı da hiss olunur, özünü də görürük.

- Sizdəki, Əzrayıldır, ya Allah?

- Hansı lazım olsa, onu da göstərirlər. İkisi bir arada.

- Hansı qurumla əməkdaşlıq çətindir?

- Səhiyyə sturkturu ilə. Biz proqrama dəvət edirik, onlar isə təxminən 1 həftə sonra gələ biləcəkləri haqda xəbər göndərirlər. O vaxta qədər, mövzu ölür, gündəm dəyişir.

- Səncə, hansı qurumlar media ilə əməkdaşlıqdan çəkinir?

- Biz hamısı ilə dil tapırıq. Ləng işləyən nazirliklərlə problem olur. Əslində, media vasitəsi ilə vətəndaşı məlumatlandırmaq məmurun vəzifə borcudur.

- "Torba tikməklə"qarşılaşırsan?

- Ciddi şeylər olmur. Proqramın redaktoru Samirə Səfərəliyevadır, rəhbəri isə Eldəniz Elgündür. Hər şeydən arxayınam. Rahatlıqla aparıcılığımı edirəm. Hər səhər mövzular çeynənilib hazır formada mənə ötürülür. Eldəniz Elgünə çox güvənirəm. 

- Kimlərdən öyrənirsən?

- Daha çox Rusiya televiziyalarına baxıram. Ancaq elə bir aparıcı yoxdur ki, baxıb deyim ki, mən belə proqram aparmaq istəyirəm. Hər aparıcının öz plastikası, öz tərzi var. Nəzəriyyə oxumaqla aparıcı olmaq mümkün deyil.

- Efirə baxıb "Bu niyə belədi ki?" sualını verdiyin olur?

- Kimə gəldi, baxa bilmirəm. Amma baxıb təəccübləndiyim kimsə yoxdur.

- Bəs, şpaqat, ürəkgetmə belə vəziyyətlər səni təəccübləndirmir?

- İnsan həm də öz-özünün balasıdır. Onlar özlərinə qarşı tənqidlə yanaşa bilmirlər. Hər proqramın, dövrün öz tələbi var. Mənim proqramımda cin çıxartmaq, saçyoldu olmaz.

- Deməli, artıq pisi yaxşıdan ayıra bilirsən.

- Sadaladıqlarımı mən də eləmişəm. O dövr keçdi. Tamaşaçı keyfiyyət istəyir.

- Deputat olmaq istəyirsən?

- Mənim siyasi iddiam yoxdur.

- Deputat olmaq təkcə siyasətlə məşğul olmaq deyil, həm də geniş imkanlar deməkdir.

- Çətin işlərdir. İmkanlar yaradılsa belə, istifadə edə bilmərəm. Bir müddət işsiz qaldım. Özümdə müəyyənləşdirdim ki, aparıcılıqdan başqa əlimdən iş gəlmir.

- Üzümüz əbədi deyil. Zaman gələcək, qırışlar üzümüzdə tor quracaq. Onda nə işlə məşğul olacaqsan?

- Plastik əməliyyat etdirəcəm. Beynim də qırışmayacaq ki. Təqaüdə çıxıb nəvə saxlayacam. Xarici görünüşümü saxlamaq üçün hər şey edəcəm. 

- Müğənnilərdən "Beş barmaq"da qonaq olmaq istəyənlər olur?

- Olur. Amma keçdi o günlər. Kəndimə gəlmişəm.

- Həmkralarından "şou adamısan, sən ciddi proqram apara bilməzsən"deyənlər olurdu?

- Mənə rişxənd edənlər qəzet redaksiyalarında klaviaturada hərflərin yerini axtaranda mən sənədli filmlər çəkirdim. İndi onlar haradadır, nə iş görürlər, kimsəyə maraqlı deyil. 

- Sosial-siyasi mövzularda işləyən jurnalistlər bir müddətdən sonra iş prosesində tanış olduqları məmurların əlaqələrindən istifadə etməyə başlayırlar.

- Bu, bütün dünyada belədir. Mənə aidiyyəti yoxdur. Kimdənsə istifadə etmək qabiliyyətim yoxdur. Ümumiyyətlə, proqramıma qonaqları özüm seçib dəvət etmirəm. 

- Azərbaycan üçün ən böyük təhlükəni nə hesab edirsən?

- Radikal dindarlıq bütün dünya üçün təhlükəlidir. Din barış deməkdir. Barış deyilsə, təhlükədir.

- Vətəndaş kimi səni ən çox hansı problem narahat edir?

- Təhsil almağa meylli olmamağımız. Qızlar deyir ki, diplom alım, cehizimə qoyum. Oğlanları isə, valideynləri avaraçılıqdan uzaq tutmaq üçün universitetə düzəldir. Belələri başqalarının yerini tutur. İnsanların təhsilə yanaşması dəyişməlidir. Marağı olmayan yerə, işlətmədiyi sahəyə uşağı yönləndirmək, tək özünün yox, başqalarının da haqqını yeməkdir. Səhiyyə sistemimiz də məni narahat edir. İrana müalicə üçün gedənlər yarımcan geri qayıdır. Vətəndaş arxayın olsa ki, burda müalicə olunacaq, başqa ölkəyə üz tutmaz. Bununla yanaşı elə həkimlərimiz var ki, onlara öz sahələrinin dahisi kimi baxıram.

- Polis-vətəndaş münasibətləri haqda nə düşünürsən? Polisin aqressiv olduğunu deyənlər də var. Özün polislə münasibətini necə tənzimləyirsən?

- Bütün münasibətlərimi gülümsəyərək tənzimləyirəm. Azərbaycanlı üçün hər cür xoş münasibət məqbuldur. Binəqədidə bina yandı. Biz o binanın ətrafında olan polislərin davranışını gördük. Onlar həm əhalinin ora axınını tənzimləyir, həm də özləri vətəndaş mövqeyi sərgiləyirdi. Biz mağaradan çıxmamışıq. Hər cür xoş münasibətə qarşılıqlı cavab verə bilirik. O insanlar ki, mütəmadi olaraq öz xalqını, dövlətini əzməyə çalışır, tənqid edir, onlar gözümün düşmənidir. Azərbaycanlı qarşımda dayanıb öz millətini təhqir edə bilməz. Edərsə, qarşılığını alar. 

- Nə vaxtsa ölkədən getməyi düşünmüsən?

- Bura mənim ölkəmdir. Hər xırda çətinlikdə öz ölkəsini qoyub qaçanı heç bir normal millət əl-qolunu açıq sevincək qarşılamır. O insanlar ki, min bir adla ölkəni tərk edir, getdikləri yerdən Azərbaycana hər cür ağlasığmaz ləkələr yağdırır, onlara yazığım gəlir. Min sifətə düşüb ölkəni tərk edirlər. Ayaqları başqa ölkəyə dəyən kimi isə, deyirlər ki, millət pisdir, dövlət pisdir. Sonradan məlum olur ki, sözdə müxalifətçilərin valideynləri, qardaşları, övladları hər cür pis əməllə məşğul imiş. Utandıqlarından başlarını götürüb qaçıblar. Tutaq ki, başqa ölkəyə qaçıb gediblər. Orada da Azərbaycanı rahat buraxmırlar. Hər cür pislik yayırlar. Ümumiyyətlə, bilmirəm ki, insan öz ölkəsinə necə müxalif ola bilər.

- Vətənpərvərlərə qarşı bir müddətdir ki, təbliğat aparılır. Vətənini sevənlər, bu sahədə fəaliyyət göstərənlər təhqir obyektinə çevrilir.

- Onların kimlərdən maliyyələşdiyi məlumdur. İnsan kökündən qopanda küləyin künc-bucağa doldurduğu çör-çöpə çevrilir. Vətənini vətəndaşının gözündən salmaq istəyənlərin məqsədi məlumdur. 

- Televiziya gənclərdə milli ruhun formalaşmağı üçün nələri etməlidir?

- Medianın, televiziyanın işi danılmazdır. Ancaq bir insanın içində vətən sevgisi yoxdursa, naqislik varsa, təbliğat ona kömək etməz.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/381823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR