Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakı" jurnalında Leyla Əliyevanın məqaləsi çap olunub

"Bakı" jurnalında Leyla Əliyevanın məqaləsi çap olunub

Date: 12 November 2015 16:49

“Baku” beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsi çapdan çıxıb.

Jurnalın baş redaktoru Leyla Əliyeva bu nəşrin yubiley nömrəsində məqalə ilə çıxış edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, L.Əliyeva jurnalın missiyasından danışıb: “Jurnalın ən birinci nömrəsinin çapa imzalandığı gündən elə də çox vaxt keçməyib, amma artıq əllinci nömrə çapdan çıxır. Bu əlli nömrənin hər birinin öz süjetləri, öz qəhrəmanları və əlbəttə, öz taleyi olub. Onlar hamısı birlikdə və hər biri ayrılıqda öz adına tamamilə müvafiqdir. Həqiqətən, jurnalımızın hər nömrəsi redaktor sütunundan başlamış dünyəvi xronikaya qədər Bakının ruhunu ifadə edir”.

Jurnalın hər bir nömrəsi gözəl Bakı şəhərinə sevgi etirafıdır. Bu şəhərdə “onun sakinlərinin bənzərsiz məlahəti, gümrahlıq və nikbinlik duyğuları hiss edilir”. Dünyanın hansı guşəsində olmağınızdan, bayırda hava şəraitindən asılı olmayaraq “Baku” jurnalı həmişə sizə günəş işığı, hərarət bəxş edəcək, nə isə yeni bir mövzuda söhbət açacaq, sizi maraqlandıracaq, bəzən də əyləndirəcək”.

 

Leyla Əliyevanın fikrincə, “Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının sayı da artır və əksinə: bizim jurnalı oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır. Lakin Bakıya heyran olmaq və onunla görüşləri bizim jurnalın səhifələrində davam etdirmək üçün bir neçə gün də kifayətdir”.

 

Bütün bunlar jurnalın peşəkar yaradıcı komandasının böyük zəhməti və oxucuların sayəsində əldə edilib. Nəşrin baş redaktoru yazır: “Bu, bizim ümumi uğurumuzdur. Bakıda olan hər kəs bu şəhərin unikal rusdilli mühitini xüsusi qeyd edir. Aşkardır ki, bakılıların məlahətli rus dilinə vurulmamaq mümkün olmadığı kimi, həmin rusdilli mühitin hər hansı dekretlər və fərmanlar vasitəsilə yaradılması da mümkün deyil. İlk növbədə ona görə ki, bu dil onu hədsiz sevən insanların canlı, dinamik ünsiyyət vasitəsidir. Bakıda rus mədəniyyətinə tələbat bəlkə də elə bununla müəyyən edilir”.

 

Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, bu ölkəyə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar.

 

“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva sonda yazır: “Bizim jurnalda mənim özümə ən çox xoş gələn odur ki, bu nəşrdə darıxdırıcı olmayan bütün janrlara yer verilir. “Baku” jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq. Görünür, tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ab-havasına doğru aparan ən düzgün yol budur, bunlarsız sabahkı günü təsəvvür etmək mümkün deyil”.


Tags:  Bakı jurnalında Leyla Əliyevanın məqaləsi çap olunub


RƏYLƏR


Top news