Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"AzFinance Invest"in qızıl və mədənçilik sənayesi üzrə növbəti tədqiqatı

Date: 12 November 2015 18:08

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"AzFinance Invest" şirkətinin analitika şöbəsinin mütəxəssisləri qızıl və mədənçilik sənayesi üzrə növbəti tədqiqatı dərc ediblər.

Hesabata əsasən, hazırda da davam edən qızıl və mədənçilik sənayesi üzrə "ayı" bazarı qızıl istehsalçısı şirkətləri iki növdə qruplaşdırıb: birinci növ özündə yaxşı aktivlərə və aşağı xərclərə malik şirkətləri birləşdirib, ikinci qrup isə yüksək əməliyyat xərcləri və şişmiş passivləri olan şirkətlərdən təşkil olunub.

"Anglo Asian Mining" keyfiyyətli aktivləri və aşağı xərcləri ilə birinci qrup şirkətlərdəndir.

"Anglo Asian Mining" (LSE: AAZ) Azərbaycan höküməti ilə bağlanılmış Hasilatın Pay Bölgüsü Sazişi vasitəsilə Azərbaycanda qızıl, mis və gümüşün kəşfiyyat və istehsalı ilə məşğul olur. Şirkətin adi səhmlərinin ticarəti London Fond Birjasının “Alternativ İnvestisiya Bazarı” sub-bazarında aparılır.

Şirkət 2009-cu ilin mayında Azərbaycanın qərbində yerləşən Gədəbəy yatağından qızıl hasil etməyə başlayıb. Əlavə olaraq, şirkət Qədir və Qoşa adlı iki yeraltı yataqda hasilat, Ordubad ərazisində isə kəşfiyyat işləri həyata keçirir.

Şirkətin 2015-ci ilin 9 ayı üzrə qızıl istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 54103 unsiya təşkil etmişdir.

Şirkət 2015-ci il üçün 70000-75000 unsiya qızıl istehsalı hədəfi qoyub ki, bu da əvvəlki ilin 60285 unsiya qızıl istehsalı ilə müqayisədə müvafiq olaraq, 16%-24% artım deməkdir.

Şirkətin Gədəbəy yatağında tikdiyi yeni qızıl emalı zavodu 2015-ci ilin sonuna qədər istehsala 5000 unsiya qızıl və 1600 ton mis əlavə edəcək.

Şirkət, aşağı metal qiymətlərinə adekvat olaraq, öz bir unsiyaya düşən real xərclərini [(Gəlirlər- Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti)/unsiya qızıl satışı] azaldıb. Real xərclər yüksək istehsal səviyyəsi və Azərbaycan manatının dollara qarşı devalvasiyasının nəticəsi olaraq 25% azalaraq 2014-cü ildəki $1050-dan $790-a düşüb. Beləliklə, Anglo Asian Mining şirkətinin real xərcləri dünyada qızıl istehsalı ilə məşğul olan şirkətlər üzrə orta real xərclərdən ($997) 21% azdır.

Şirkətin 2015-ci ilin birinci yarısı üzrə gəlirləri $32.7 milyondan $41.8 milyona yüksəlmişdir ki, bu da, $1.9 milyon ümumi mənfəətə (2014-cü ilin birinci yarısı: ümumi zərər $0.8 milyon) və 2014-cü ildəki $7.5 milyonluq vergidən əvvəlki zərərinin 45% azalaraq $4.1milyona qədər enməsinə gətirib çıxarmışdır.

Anglo Asian Mining Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) sərfəli şərtlərindən də yararlanır. HPB sazişinə əsasən, şirkətin valyuta mübadiləsi əməliyyatlarına məhdudiyyətlər qoyulmur və şirkət bütün idxal-ixrac fəaliyyətində vergilərdən və ya rüsumlardan azad hesab olunur. Şirkət yalnız 32 faiz mənfəət vergisi ödəməlidir və buraya ikiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişlərin qüvvədə olması da daxildir.

Qızıl fyuçersləri 1998-ci ildən bəri ən pis eniş ilə qarşı-qarşıyadır və qızılın ardıcıl üçüncü illik itkisi şirkət üçün əsas risklərdən biridir.
Baxmayaraq ki, qızıl istehsalı sənayesi kapital-intensiv sənaye sahəsidir və Anglo Asian Mining öz xalis borcunu 2014-cü ilin sonundakı $52.4 milyondan 2015-ci ilin birinci yarısı üçün $48.7 milyona endirib, borc səviyyəsi şirkət üçün əsas risk olaraq qalmaqdadır.

Anglo Asian Mining yaxşı və dayanıqlı mədənçilik biznesi yaradıb və 2015-ci ilin birinci yarısında əməliyyat səmərəliliyi baxımından yüksək inkişafa nail olub. Beləliklə, şirkətin maliyyə performansı 2014-cü il ilə müqayisədə daha da yaxşılaşıb. Əgər qızıl qiymətləri yenidən qalxmağa başlasa, şirkət daha çox gəlir edəcək və öz mənfəətini artıracaq. Qızılın qiymətinin aşağıyönlü trendi davam etsə belə, şirkət, qızılın qiyməti $790-dan aşağı düşənə qədər mənfəətlə işləməyə davam edəcək.

Anglo Asian Mining şirkətinin ən yüksək səhm qiyməti 80 GBp (penni) olmuşdur və bugünkü qiymətlə müqayisə etdikdə, səhm qiyməti 94% düşmüşdür. Qısaca olaraq deyə bilərik ki, şirkətin səhmləri dib səviyyəsini görüb.

Hesabata əsasən, Bizim Anglo Asian Mining ilə tövsiyəmiz 5-5.50 GBp (penni) qiymətindən “ALIŞ”-dır və hədəf qiyməti 15 GBp-dir ki, bu da 200%-lik qazanc deməkdir.

Bu mətn AzFinance İnvestisiya şirkəti QSC tərəfindən hazırlanmışdır. Mətn yalnız informasiya məqsədi daşıyır və hər hansı bir qiymətli kağız və ya investisiya fəaliyyəti üçün investisiya məsləhəti deyil və investisiya məsləhəti kimi qəbul edilə bilməz. Bütün investisiyalar müəyyən risk daşıyırlar. AzFinance İnvestisiya şirkəti QSC bu materialla bağlı hər hansı bir zərərə görə məsuliyyət və öhdəlik daşımır. Bu materialı qəbul etməklə, Siz yuxarıda qeyd olunan qaydaları başa düşür və qəbul edirsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  AzFinance Investin qızıl mədənçilik sənayesi üzrə növbəti tədqiqatı

RƏYLƏR


Top news