"Baku Bus"ın polislərə qarşı tələbi qanunsuz çıxdı

"Baku Bus"ın polislərə qarşı tələbi qanunsuz çıxdı
18:27 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Qanunvericilikdə avtobusdan kimlərin pulsuz istifadə etməli olduğu çox aydın və sadə dildə yazılıb.

Milli.Az xəbər verir ki, "Baku Bus" MMC-nin marşrut avtobuslarında mülki geyimdə olan polis əməkdaşlarından gediş haqqı tələb edilməsi ictimai marağa səbəb olub. Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi polis əməkdaşlarından gediş haqqı tələb edilməsinin qanunauyğun olmadığına dair konkret qanuna istinadla açıqlama versə də, MMC öz dediyində israr etməkdədir. Hətta MMC-nin nümayəndəsi mülki formada avtobusa minərkən sürücüyə vəsiqə göstərən polis əməkdaşlarına özünəməxsus irad da bildirib: gizli xidmət etməsi səbəbindən mülki formada olan polis əməkdaşının avtobusa minərkən vəsiqə göstərməsi düzgün deyil (yəqin ona görə ki, o, özünü aşkar etmiş olur). Ona görə də formada olmayan əməkdaş vəsiqə göstərməməli və gediş haqqını ödəməlidirlər.

Maraqlıdır, bəs qanunvericilik nə deyir?

Bu barədə qanunvericiliyin mövqeyini avtosfer.az saytına hüquqşünas Ərşad Hüseynov şərh edib. O deyir ki, "Polis haqqında" Qanunun 38-ci maddəsinin 4-cu hissəsinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər. Pulsuz gediş hüququndan necə istifadə edilməsi məsələsinə isə Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"aydınlıq gətirilir. Qaydaların 6.15-ci bəndində deyilir: müntəzəm sərnişin daşımaları zamanı güzəştli və ya ödənişsiz gediş hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş əhalinin ayrı-ayrı kateqoriyalarına verilir və bunun üçün onlar müvafiq vəsiqənin, talonun və müəyyən olunmuş nümunədə olan digər sənədin əslini təqdim etməlidirlər.

Beləliklə, polis əməkdaşının sərnişin nəqliyyatından pulsuz istifadə hüququ onun xidməti vəzifələrinin icrası ilə əlaqələndirilir və hər hansı qanunvericilik aktında həmin əməkdaşın hansı geyim formasında olmasına dair heç nə deyilmir. Bunun qanunvericilikdə təsbitinə ehtiyac da yoxdur. Hətta qaydalarda aydın şəkildə göstərilir ki, pulsuz gediş hüququ olan şəxsin bu hüququndan istifadə etməsi üçün hansısa geyimdə olması yox, bu hüququ təsdiq edən sənədi təqdim etməsi zəruridir. Sərnişinin polis əməkdaşı olmasını və pulsuz gediş hüququndan istifadə hüququnu təsdiq edən sənəd isə xidməti vəsiqədir. Deməli, əməkdaş xüsusi geyim formasında, mülki geyimdə olmasından asılı olmayaraq, sadəcə vəsiqəni təqdim etməklə avtobusdan pulsuz istifadə edə bilər. Bunun həmin əməkdaşın de-şifrə olunmasına gətirəcəyi isə həmin əməkdaşın və onun rəhbərinin problemidir.

Maraqlıdır ki, polis əməkdaşları özlərinin bu hüququndan uzun illərdir ki, istifadə edirlər. İndiyədək onları öz avtobusları ilə pulsuz daşıyan özəl şirkətlər heç vaxt polis əməkdaşlarına bu barədə irad bildirməyiblər. Amma tam olaraq dövlətin mülkiyyətində olan "Baku Bus"ın polis əməkdaşlarından ödəniş haqqı almaqda israrlı olması təəccüblüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR