“Tarixi şəxsiyyətlərimizə sahib çıxaq”

18:58 12 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakı Atatürk Liseyində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun təşkilatçılığı ilə “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Dahi azərbaycanlı Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə liseyin direktoru Əli Devrim məktəblilər arasında tarixi şəxsiyyətlərin tanıdılmasında və təbliğ edilməsində layihənin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladan direktor Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə də elm və təhsil sahələrində əməkdaşlığın inkişafından bəhs edib.
Konfransda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıb. Bildirilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib. 1969-cu ildə bu görkəmli dövlət xadiminin Azərbaycanın rəhbərliyinə gəlməsi ilə respublikanın tarixində böyük dönüş dövrünün əsası qoyuldu. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Ulu Öndər hələ o zaman qurmağa başlamışdı.
Qeyd edilib ki, müstəqil Azərbaycan dövlətinin hər bir atributu ümummilli lider Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, respublikamızın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanılıb. Bütün mənalı həyatını öz xalqına həsr edən ümummilli lider Heydər Əliyevin siyasi xadim və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Ulu Öndərin bütün sahələrdə uzaqgörən və müdrik siyasəti onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən danışıb, Ulu Öndərin həyat və fəaliyyətinin gənclərimiz üçün böyük örnək olduğunu söyləyib. Qeyd edib ki, böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev millətini bütün bəlalardan qoruyub. Ulu öndər Heydər Əliyevin adı Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Ümummilli Lider bugünkü güclü, qüdrətli Azərbaycanı yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib və bütün dünyaya tanıdıb. Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını hazırlayıb, onların həyata keçirilməsini təmin edib. Ümummilli Liderin müdrik, yorulmaz və uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarixi_sexsiyyetlerimize_sahib_chixaq-901483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR