Londonda Azərbaycanın böyük dostu olmuş Fiona Maklaklanın xatirə gecəsi keçirilib (FOTO)

Londonda Azərbaycanın böyük dostu olmuş Fiona Maklaklanın xatirə gecəsi keçirilib (FOTO)
19:43 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Londonda Müqəddəs Ceyms Kilsəsində Azərbaycanın böyük dostu olmuş, düz 1 il bundan əvvəl uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş Fiona Maklaklanın xatirəsinə həsr olunmuş konsert keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, klassik musiqi gecəsi dirijor və violonçel ifaçısı Dmitri Yablonski, bəstəkar, pianoçu və musiqi pedaqoqu, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin təqdimatında keçib. Hər iki musiqiçi hər il Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbərləridir. F.Bədəlbəyli və D.Yablonskini Fiona ilə şəxsi dostluq telləri bağlayırdı.

Anış gecəsində israilli skripkaçı Janna Qandelmanın rəhbərliyi ilə ərəb və yəhudi gənc musiqiçilərdən ibarət kollektiv çıxış edib. Fionanın ailə üzvlərinin, Fiona və Azərbaycanın dostları da daxil olmaqla 300 nəfərin iştirak etdiyi tədbir TEAS tərəfindən təşkil edilşb. Konsertdən yığılan vəsait Böyük Britaniyada xərçəng xəstəliyi ilə bağlı tədqiqatlara sərf olunacaq.

Fionanın həyat yoldaşı və ölkəmizdəki əmək fəaliyyəti ilə əlaqədar onu 2004-cü ildə Azərbaycana gətirən Alastair Maklaklan xatirələrlə dolu çıxışında Azərbaycan xalqının yüksək qonaqpərvərlik mədəniyyətini, onun ecazkar və əsrarəngiz təbiətini, əsrlərdən miras qalmış qədim mədəniyyətini hec zaman unutmayacağını dilə gətirdi: “Fiona ailəsi, köhnə və yeni dostlarının əhatəsində olmağı cox sevirdi. Lakin hər şeydən əvvəl o, Azərbaycanın vurğunu idi. Fiona ildə azı iki dəfə Azərbaycanı ziyarət etməyi özünə borc sayardı. Azərbaycanı qarış-qarış gəzən Fiona Odlar Yurduna olan məhəbbətini qələmə alaraq Britaniyanın müxtəlif media vasitələrində Azərbaycan həqiqətləri haqqında məqalələr çap etdirib, xüsusilə də “Visions of Azerbaijan” jurnalında onun onlarla məqaləsi işıq üzü görüb”.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, Fiona Azərbaycan xalqına, onun qədim tarixinə, musiqisinə, incəsənətinə, təbiətinə, mətbəxinə valeh olmuşdu. O, Azərbaycanın böyük müdafiəçisi və təbliğatçısı idi. O, Azərbaycanı dogma vətəni kimi sevirdi.

D.Yablonski deyib: “Fiona mənim dostum olub və indi də dostumdur. Onun Azərbaycan haqqında geniş tədqiqatları və ölkənin hər bir güşəsinə səfərlərinə görə, bəlkə də o, Azərbaycan haqqında hamıdan çox bilirdi. O, çox görkəmli bir qadın idi və hər gün mənim qəlbimdədir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2455738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR