“Kəpəz”də oynamaq mənim uşaqlıq arzum olub”

“Kəpəz”də oynamaq mənim uşaqlıq arzum olub”
19:47 12 Noyabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in futbolçusu Tural Rzayev klub saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- Tural, əvvəlcə AZAL-la çempionatın sonuncu oyunu haqda danışaq.
- Bilirdik ki, “Qəbələ”yə qarşı oyunla müqayisədə bizə daha çətin olacaq. AZAL-la matç bizim üçün çox vacib idi. Qələbə qazanıb turnir cədvəlində daha üst sıraya qalxmaq istəyirdik. Görüş bizim üstünlüyümüz şəraitində keçdi. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Fasilədən sonra çoxsaylı qol imkanları yaratdıq. Qapı dirəyi və tiri rəqibin köməyinə çatdı. Təəssüf ki, hesabı açdıqdan sonra tez də qol buraxdıq. Qolu da ani diqqətsizlik nəticəsində qapımızda gördük.

- Fikrincə, qələbəyə nə mane oldu?
- Düzünü deyim ki, ilk yarıda erkən qolla hesabı açmaq istəyirdik. Amma alınmadı. Rəqib də oyuna yaxşı hazırlaşmış, lazımınca köklənmişdilər. Bizə qarşı aqressiv mübarizə apardılar. Yenə deyirəm, istədiyimiz oyunu ilk hissədə göstərə bilmədik. Əvvəldən ikinci hissədə olduğu kimi oynasaydıq, nəticə başqa cür olacaqdı.

- Artıq demək olarmı ki, rəqiblər “Kəpəz”ə qarşı xüsusi motivasiya ilə hazırlaşıb oynayırlar?
- Bəli, bu da boş yerə deyil. Çünki son zamanlar biz göstərdiyimiz oyunla buna səbəb yaratmışıq. Rəqiblərə hörmətsizlik etmək istəmirəm, amma bizdən aşağı sıralarda olan komandalar “Kəpəz”ə qarşı güclü müqavimət göstərməyə çalışırlar. Bizimlə oyunlarda qazanılan xallar onların imicinə müsbət təsir edir.

- Çempionatda fasilə yaranıb. Yəqin ki, komanda bu müddətdən lazımınca istifadə etməyə çalışacaq?
- Təbii ki, biz öz üzərimizdə həmişə çalışırıq. Komandamızın bu səviyyəyə çatmağında Şahin Diniyevin baş məşçqi kimi böyük əməyi var. Məşqçi işi görünür. Biz yenə də öz üzərimizdə işləyirik, səhvlərimizi aradan qaldırmağa çalışırıq. Hələ uzun yolun başındayıq.

- Tural Rzayev klubdakı durumundan razıdır?
- Əlbəttə razıyam. Böyük tarixi olan komandadayam. Doğma şəhərimizin klubunda forma geyinirəm. “Kəpəz”də oynamaq mənim uşaqlıq arzum olub. Çox şükür ki, buna da nail olmuşam. Premyer Liqada debütüm “Kəpəz”in sayəsində həyata keçib. Hər şey yaxşıdır. Məşqçi şans verəndə meydana çıxıb oynayıram, komandama kömək etməyə çalışıram.

- Əvvəllər “Kəpəz”in heyətində gəncəli futbolçular üstünlük təşkil etsə də, müəyyən səbəblər üzündən indi vəziyyət fərqlidir. Amma sevindirici haldır ki, bu gün sənin kimi gənclər yetişir.
- Gəncə Azərbaycanın futbol beşiyi olub. Burdan həmişə güclü futbolçular çıxıb. Amma son dövlər komandanın Premyer Liqada oynamaması təsirsiz ötüşməyib. İnşallah, bundan sonra da komandada yerli futbolçuların sayı çoxalar. Gələcəkdə milli komanda səviyyəsində oyunçular yenə yetişəcək. Gəncə futbol şəhəridir, buradan istedadlı, bacarıqlı yeniyetmə və gənclər çıxacaq.

- Azarkeşlərin dəstəyini necə qiymətləndirirsən?
- Azarkeş faktoru bizim üçün çox önəmlidi. “Kəpəz”in fanatları Azərbaycanda bir nömrəli azarkeş qrupudur. İstər ev, istərsə də səfər oyunlarında bunun şahidi oluruq. Hətta səfər oyunlarında belə bizim azarkeşlərin sayı ev komandasının azarkeşlərindən çox olur. Onların dəstəyi bizim üçün çox vacibdir. Möhtəşəm dəstək sayəsində istədiyimizdən də yaxşı futbol oynayırıq. Ona görə də sizin vasitənizlə bütün futbolsevərlərimizə minnətdarlığımı çatdırıram. Hava şəraitindən asılı olmayaraq, istidə, soyuqda bizi dəstəkləyirlər. Belə də davam etsinlər. Biz futbolçular da yaxşı nəticələr qazanmağa çalışacağıq. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpzd-oynamaq-mnim-uaqlq-arzum-olub-t45411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR