Dövlət müşaviri iqtisadçılara “Kitabi-Dədə Qorqud” dastanı barədə məruzə oxuyub

Dövlət müşaviri iqtisadçılara “Kitabi-Dədə Qorqud” dastanı barədə məruzə oxuyub
19:53 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən hazırlanmış fəaliyyət proqramına uyğun olaraq “Kitabi-Dədə Qorqud” dastanlarının daha geniş spektrdə öyrənilməsi və təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə keçirilib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları üçün “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” mövzusunda məruzə oxuyub.
Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov belə bir müştərək layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Akademik K.Abdullayev “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının zəngin tarixi keçmişini, həyat tərzini, mədəniyyətini bütün çalarları ilə ortaya qoyan ana kitabımız olduğunu vurğulayıb. Bildirilib ki, bu dastanın artıq təkcə ədəbiyyatçılar deyil, digər elm sahələrinin nümayəndələri tərəfindən də tədqiq olunmasına böyük ehtiyac vardır. Xüsusən iqtisad elmi ilə bağlı dastanda vurğulanan məsələlər dərindən araşdırılmalı və xalqımızın, dövlətçilik tariximizin tarixi iqtisadi inkişafı məhz bu dastanla izlənilməlidir. O, Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamın qorduqşünaslığın inkişafında yeni bir mərhələ başlatdığını deyib. Dövlət müşaviri bu Sərəncamın işığına AMEA-nın bütün institutlarının qoşulmasına çox böyük ehtiyac olduğunu vurğulayıb. Bu ehtiyacı xalqımızın ümummilli lideri Heydər Əliyev dastanın 1300 illiyinin keçirilməsi mərasimində söylədiyi sözlər də təsdiqləməkdədir: “Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi-Dədə Qorqud” nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi böyük mədəni-estetik əhəmiyyət kəsb edir”.
Digər çıxış edənlər bu məzmunda tədbirlərin keçirilməsinə, “Kitabi-Dədə Qorqud” dastanlarının daha dərin tədqiqi məsələlərinin vacibliyinə diqqət çəkiblər.
Tədbir dəqiq və texniki sahələr üzrə insitutların əməkdaşlarının “Kitabi-Dədə Qorqud” dastanında bəhs edilən müxtəlif məqamlarla bağlı suallarının məruzəçi tərəfindən cavablandırılması ilə davam edib.
Sonda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” mövzusunda mühazirənin AMEA-nın digər insitutlarında da oxunması və müzakirələrin keçirilməsi qərara alınıb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_musaviri_iqtisadchilara_Kitabi_Dede_Qorqud_dastani_barede_meruze_oxuyub-901514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR