Azərbaycanın "cakuzi" və "razetka"sı

Azərbaycanın "cakuzi" və "razetka"sı
19:56 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Dilimizdə tərcüməsində çətinlik çəkdiyimiz bəzi sözlərin, daha da dəqiqləşdirsək 2500-dən artıq sözün qarşılığı tapılıb. Bu işi öz öhdəsinə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası götürüb. Amma yenicə kəşf olunmuş sözlər tənqid hədəfinə çevrilib.

ANS TV-nin məlumatına görə, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 2500-dən artıq sözün dilimizə qarşılığını tapıb və bu sözlər çap ərəfəsində olan izahlı lüğətə daxil edilib.

Amma bu sözlərdən ikisi cəmiyyətdə ciddi rezonansa səbəb olub. Onlardan biri “cakuzi”, digəri hamımızın dilində populyarlıq qazanmış “razetka” sözüdür ki, Terminologiya Komissiyası birincinin qarşılığını suçiləyən, ikincisini isə elektrik mənbəyi kimi təqdim edib. Və bu təqdimat mətbuatda və sosial şəbəkələrdə birmənalı olaraq dəstək qazanmayıb.

Kimi yazıb ki, deməli qazonları da “cakuzi” ilə sulayacağıq. Bir başqasına görə, elektrik mənbəyi fərqli ifadədir, üstəgəl söz birləşməsi olduğundan bundan heç kim istifadə etməyəcək. Daha fərqli düşünənlər də var.

Deyirlər ki, bütün dünyanın qəbul etdiyi termini milliləşdirməyin nə adı var? Bu terminlərin qarşılığını tapanların savadına şübhə ilə yanaşanları xəbərdar edim ki, Terminologiya Komissiyasının rəhbəri Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadədir.

Nazirlər Kabineti yanında fəaliyyət göstərən bu qurum ictimai əsaslarla işləyir və özündə 16 bölməni birləşdirib. Hər bölmədə isə təxminən 20-25 nəfər çalışır.

Komissiyanın sədr müavini Sayalı Sadıqova deyir ki, dilimizdə qarşılığı yaranan bütün sözlər heç vaxt asan həzm edilməyib. O, misal kimi “qlasnost” əvəzinə aşkarlığı, “svetafor” əvəzinə işıqforu, “perestroyka” əvəzinə yenidənqurmanı xatırladır və bu sözlərin dilimizə zaman-zaman oturuşduğunu deyir. Narazılığa səbəb olan “cakuzi” və elektrik mənbəyinə gəlincə:

“ “Razetka” sözünün müzakirəsi zamanı həm elektrik yuvası, həm də elektrik mənbəyi anlayışı ortaya çıxdı. Son olaraq isə elektrik mənbəyi kimi qəbul olundu. Təəssüflə qeyd etmək istəyirəm ki, “cakuzi” sözünü bizdə suçiləyici hovuz kimi qarşılığı verilməmişdi. Yəni “cakuzi” sözün oduğu kimi verilmişdi. Suçiləyici hovuz isə tamamilə başqa bir anlayışdı. İstilik təminatı, istilik təhcizatı ilə bağlı olan müəyyən bir qurğunun adını bildirir”.

Hər halda Sayalı xanım düşünür ki, dildə termin yaradıcılığı prosesi getməlidir. Əgər getmirsə, o dil məhvə doğru gedir. Maraqlı fikirdir.

Amma həm də gəlin bunun əksini düşünək. Qarşılıq kimi uğursuz seçilən sözlər də dilimizi eyni cür məhv eləmirmi?


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR