“Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə” mövzusunda müsabiqənin nəticələri açıqlanıb

“Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə” mövzusunda müsabiqənin nəticələri açıqlanıb
20:03 12 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və “Azərilmə” Xalçaçılıq Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda fərdi jurnalist yazıları müsabiqənin nəticələri noyabrın 12-də açıqlanıb və qaliblər mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Azərilmə” Xalçaçılıq Mərkəzinin direktoru Vidadi Muradov rəhbərlik etdiyi qurumla birgə müsabiqənin təşkilinə görə KİVDF-nin rəhbərliyinə, habelə müsabiqəyə qatılan jurnalistlərə təşəkkürünü bildirib. O, belə bir müsabiqənin təşkilini ölkə rəhbərliyinin milli mədəniyyətimizə və onun ayrılmaz hissəsi olan xalçaçılıq sənətinə göstərdiyi diqqətin əyani təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalçaçılıq sənətinə sevgi və qayğısı bu sahənin tarixi ənənələrinin qorunub saxlanılmasına və inkişafına imkan yaradıb. Mərkəzin direktoru, həmçinin bildirib ki, Qarabağ, Şirvan, Naxçıvan, Gəncəbasar, Abşeron, Quba kimi tarixi xalçaçılıq mərkəzlərində qədim ənənələrin bərpası, gənc nəsillərə öyrədilməsi, yaşadılması və davam etdirilməsi istiqamətində görülən işlər ictimaiyyət tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Vidadi Muradov bu sahədə nailiyyətlərin ictimaiyyətə dolğun və hərtərəfli çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Bu mövzuda təşkil olunmuş ilk müsabiqənin ictimai diqqətin xalçaçılıq sənətinə yönəldilməsi baxımından əhəmiyyətini vurğulayan Vidadi Muradov deyib ki, son aylarda KİV-lərdə bu mövzuya dair çoxsaylı yazılar dərc edilib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan mədəniyyətinin qədim sahələrindən olan xalçaçılıq sənətinin son illər özünün intibah dövrünü yaşadığını, tarixi ənənələlərini qoruyub saxladığını və inkişaf etdirdiyini bildirib. V.Səfərli vurğulayıb ki, “Azərilmə” ilə birgə təşkil olunan müsabiqənin məqsədi də məhz Azərbaycan xalçaçılığının tarixi ənənələrinin, hazırki nailiyyətlərinin və inkişaf perspektivlərinin öyrənilməsi və ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını həvəsləndirməkdir.
İcraçı direktor avqustun 1-dən oktyabrın 15-dək davam edən müsabiqəyə 29 kütləvi informasiya vasitəsindən 43 yazının təqdim edildiyini bildirib. Yazıların üç ekspert tərəfindən qiymətləndirildiyi diqqətə çatdırılıb. O, müsabiqənin yekunlarına görə ümumilikdə 16 şəxsin mükafatlandırıldığını, o cümlədən 6 jurnalistin əsas, 10 nəfərin isə həvəsləndirici mükafatlara layiq görüldüyünü qeyd edib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.
Mükafat alanlar arasında AZƏRTAC-ın da əməkdaşı var.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalchachiligi_kechmisden_geleceye_movzusunda_musabiqenin_neticeleri_achiqlanib-901521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR