Uşağın cinsini sifariş etmək mümkündürmü?

Uşağın cinsini sifariş etmək mümkündürmü?
20:05 12 Noyabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Sonsuzluq bütün dünyada aktual problemdir. Son statistik məlumatlara görə, dünyada hər yeddi cütlükdən biri bu problemlə qarşılaşır. Təbabətin yenilikləri - süni mayalanma (EKO), donor toxum hüceyrələrindən istifadə metodu və digər bu kimi vasitələr çox ailələrə valideynlik səadətini duymaq imkanını yaradır. Azərbaycanda sonsuz ər-arvadlara hansı texnologiyalar təklif edilir? EKO zamanı uşağın cinsini "sifariş" etmək olarmı?

Milli.Az xəbər verir ki, AZƏRTAC-ın bu və digər suallarını Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Aynurə Əmirova cavablandırıb:

- Aynurə xanım, Azərbaycanda ödənişsiz EKO xidmətlərinin tətbiqi planlaşdırılırmı? Bu xidmətlərdən kimlər istifadə edə bilər?

- Azərbaycanda ödənişsiz EKO xidmətlərinin tətbiqi yaxın gələcək üçün qarşıya qoyulan perspektiv vəzifələrdən biridir. Lakin EKO proqramında xaricdən gətirilən bahalı dərman vasitələrindən istifadə edildiyi üçün hazırda bu mümkün deyil. Dövlət dəstəyi göstəriləcəyi halda ödənişsiz EKO xidmətlərindən müəyyən göstəricilərə malik aztəminatlı ər-arvadlar istifadə edə bilərlər.

- Azərbaycanda süni mayalanma xidmətlərinə dair müraciətlərin statistikası barədə nə deyə bilərsiniz? Bu xahişlə müraciət edən ər-arvadların sayının artması nə ilə bağlıdır?

- Klinikalarda EKO tsikllərinin keçirilməsi statistikası respublika üzrə ümumi məlumatlar cəmlənmədən aparılır. Ona görə də sonsuzluğun məlum müalicə növünün göstəriciləri və faizi müxtəlif rəqəmlər arasında dəyişir. Bu müalicə metoduna müraciət edən ər-arvadların sayının artması son illər sonsuzluğun çoxalması, habelə sonsuzluğun başqa müalicə metodları səmərəsiz olduğu halda ər-arvadın ən qısa müddətə uşağa sahib olmaq arzusu ilə bağlıdır.

- EKO yolu ilə genetik xəstəliklər ötürülürmü? Onların qarşısını necə almaq olar?

- EKO proqramı təkcə sonsuzluğun müalicəsini nəzərdə tutmur, həm də implantasiya qabağı genetik diaqnostika metodu əsasında döldə genetik xəstəliklərin inkişafının qarşısının alınması məqsədləri ilə istifadə edilir. Bu metod genetik cəhətdən sağlam embrionun seçilməsinə və hamiləliyin normal inkişafına imkan yaradır. Bu metoddan, məsələn, valideynlərdə talassemiya kimi genetik xəstəliklər olan zaman istifadə edilir.

- Azərbaycanda donor toxum hüceyrəli bankı mövcuddurmu?

- Donor toxum hüceyrələri bankı EKO metodunu tətbiq edən ayrı-ayrı özəl klinikalarda var. Bu halda donor toxum hüceyrələri vitrifikasiya edilir (dondurulur), sonradan EKO proqramlarında istifadəsi edilir.

- Nə üçün EKO zamanı adətən əkizlər doğulur?

- EKO proqramında hamiləlik şansını artırmaq məqsədilə uşaqlıq borusuna bir neçə embrion köçürülür. Son vaxtlar iki embrion olur. Embrionların implantasiyası ilə əlaqədar çoxdöllü hamiləlik yaranır.

- EKO cəhdlərinin sayı barədə müəyyən tövsiyələr varmı?

- Xarici tədqiqatlara əsasən, EKO proqramının keçirilməsi cəhdlərində konkret miqdar məhdudiyyəti yoxdur. Əldə olan məlumatlara görə, EKO cəhdlərinin sayı artdıqca, hamiləlik ehtimalı artır. Lakin dördüncü və sonrakı cəhdlərdən sonra hamiləlik ehtimalı azalır. Bu halda ər-arvad övladlığa uşaq götürmək barədə fikirləşməlidir.

- EKO-nun tətbiqi üçün hansı məhdudiyyətlər var?

- Ağır somatik və yoluxucu xəstəliklərdə, hamiləliyin və əməliyyat müdaxiləsinin mümkünsüz olduğu hallarda EKO proqramını həyata keçirmək olmaz. Ailədə uşaqların tərbiyəsini çətinləşdirən psixosomatik xəstəliklər, habelə xəstələrin yumurtalığında bədxassəli törəmə və ya digər yerlərdə bədxassəli şişlər olanda da EKO proqramı tətbiq edilmir.

- Süni mayalanmada uşağın cinsini "sifariş" etmək olarmı?

- EKO proqramında dölün cinsinin seçimi cinsi xromosomlarla ilişikli genetik xəstəliklərə dair tibbi göstəricilər olduğu halda implantasiya qabağı diaqnostika metodu əsasında müəyyən edilir. Məsələnin mənəvi-estetik tərəfi ayrı-ayrı ölkələrdə müxtəlif cür yozulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR