Əli Abbasovun yarıtmaz işləri

Əli Abbasovun yarıtmaz işləri
21:12 12 Noyabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə aparılan islahatların müxtəlif sahələrin işində necə dönüş yaratdığını bu gün sadəcə görməmək mümkün deyil. Demək olar ki, iqtisadiyyatın bütün sahələrini əhatə edən sürətli inkişafın fonunda nə təəssüf ki, geridə qalan, düzəlmək əvəzinə getdikcə fəaliyyəti iflic olan, vətəndaşları cana yığan sahələr də var. Belə sahələrdən biri rabitə sektorudur.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, müasir informasiya texnologiyalarının inkişafı, rabitə sistemlərinin yenilənməsi, dünya standartlarına uyğunlaşdırılması üçün son illər dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılıb. Bu vəsaitin içərisində Azərbaycanın rabitə sisteminin, poçt şöbələrinin, avtomat telefon stansiyalarının yenidən qurulması, ən son avadanlıqla təmin edilməsi nəzərdə tutulurdu. Bu gün Azərbaycanın istənilən nöqtəsində, istənilən bir poçt şöbəsinə daxil olsaq, bir çox hallarda əks mənzərənin şahidi olarıq. Poçt şöbələrinin 90%-i sovet vaxtında necə idilərsə, eləcə də qalıblar. Nə qədər qəribə və gülməli görünsə də, burada çalışan personal da əsasən elə həmin dövrdən qalma personaldır. Qaş-qabaqlı, kobud danışıq tərzli, əksəriyyətinin təqaüd vaxtı çoxdan keçmiş yaşlı qadınların təşkil etdiyi poçt işçiləri vətəndaşların suallarına cavab verməyi belə az qala özlərinə cərimə bilirlər.

Poçt şöbələrinin əksəriyyətində sovet dövründən qalma iri çap maşını hələ də qalmaqdadır. Kömpüterləşmənin ilk olaraq burada getməli olduğunu nəzərə alsaq, görünən mənzərə qarşısında təəccüblənməmək qeyri-mümkündür. Poçt şöbələrinin natəmizliyi, burada hökm sürən səliqəsizlik, vətəndaşlara aşağı səviyyəli xidmət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ölkədə gedən inkişaf prosesindən nə qədər kənarda qaldığını bir daha göz önünə sərir.

Kommunal xərclərin ödənilməsinin bu poçt şöbələrində həyata keçirildiyi dövrdə vətəndaşlardan hər gün yüzlərlə şikayətlər daxil olurdu. Poçt şöbələrində ödəniş etmək istəyən vətəndaşlar burada müxtəlif səbəblərdən növbələrdə gözləməli olur, poçtun ya çap aparatı, ya da ödəniş cihazı sıradan çıxaraq vətəndaşların əsəblərini tarıma çəkirdi. Alternativ ödəmə sisteminin işə düşməsi ilə xalqın canı qismən "poçt zülmündən" qurtuldu. Ölkədaxili pul köçürmələri üçün poçt şöbələrinə üz tutan vətəndaşlar poçt binasına daxil olmağa belə peşman olurlar. Yuxarıda vurğuladığımız kimi poçt şöbəsinin zəhrimar sifətli işçisi və ya işçiləri pul köçürmədə istifadə edilən kompüteri və ya cihazı yumruqlayaraq 10-15 dəqiqəlik əməliyyatı 1 saata həyata keçirirlər. Bəzən proses uzanır və vətəndaş gözləməkdən təngə gələrək ümumiyyətlə poçtun xidmətlərindən imtina edərək buranı tərk edir. Hətta iki poçt əməkdaşının düzülən növbəyə baxmayaraq saymazyana bir-biri ilə söhbət etmələri, ləng işləmələri, buna etiraz edən vətəndaşlara sərt və kobud ifadələrlə cavab verməsi bu sistemdə adi hal alıb. Rabitə nazirinin birbaşa nəzarətində olan və bütün bölgələrdə öz şöbələri olan poçt sisteminin niyə belə bərbad vəziyyətdə olması çox düşündürücüdür.

Qeyd etdiyimiz kimi alternativ ödəmə sistemlərinin işə düşməsi vətəndaşların poçt şöbələrindəki zülmdən canının qurtulmasına gətirib çıxardı. Azərbaycandakı bütün ödəmə sistemlərinin rabitə naziri Əli Abbasov və onun yaxın adamlarına məxsus olması heç kimə sirr deyil. Bu fakt Azərbaycanın poçt sisteminin niyə bərbad vəziyyətdə olmasına ən gözəl cavabdır. Deməli dövlətin vətəndaşlara xidmət üçün nəzərdə tutulan poçt sistemi bilərəkdən nəzarətsiz buraxılıb və xalq arasında planlı surətdə gözdən salınır ki, əhalini asanlıqla alternativ ödəmə sistemlərinə yönləndirmək mümkün olsun. Hətta poçt idarələri o vəziyyətdədir ki, şöbələrin divarında əhalini məlumatlandıracaq bir yazı belə yoxdur. Mərkəzi poçt idarəsində isə əhalini məlumatlandırmaq üçün bütün dünya ölkələrində olduğu kimi məlumat bürosu və məlumat işçisi belə yoxdur.

Bu gün möhtərəm prezident İlham Əliyevin xüsusi diqqəti ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin getmədiyi birinci sektor demək olar ki, rabitə sektorudur. Dünyanın inkişaf etmiş ölkələrinin poçt-teleqraf sistemi ilə Azərbaycanın poçt sistemi ümumiyyətlə müqayisə edilə bilməz. Hazırda Azərbaycanın poçt sistemi elə bərbad vəziyyətdədir ki, vətəndaşlar hətta kiçik bir bağlamanı belə poçta etibar edib harasa göndərmirlər. Məktublaşmanın internet, danışığın isə 90% mobil rabitə vasitəsi ilə həyata keçirildiyi dövrümüzdə poçtun xidmətinə demək olar ki, ehtiyac qalmır. Amma dünya ölkələrində əhali hələ də yazılı, zərf şəklində göndərilən məktub və teleqramları, orta həcmli bağlamaları yenə poçt sistemi vasitəsi ilə göndərir. Bu sahədən gələn gəlirlər milyardlarla dollar təşkil edir. Poçt sistemlərinin özlərinin qatarları, nəqliyyat şirkətləri və hətta aviaşirkətləri belə var. Bizdə bu gəlirli sahənin niyə bərbad vəziyyətdə olması isə cənab nazir Əli Abbasovdan başqa heç kimə məlum deyil. Poçt sahəsində baş verənlərə diqqət yetirsək görərik ki, Azərbaycanda poçt sistemi bilərəkdən çökdürülür və tamamilə sıradan çıxarılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/382012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR