Əxlaqsızlıq lüt gəzməkdir, yoxsa?

Əxlaqsızlıq lüt gəzməkdir, yoxsa?
21:17 12 Noyabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Dəfələrlə müşahidə etmişəm. Hansı müəllif cəmiyyətə düşmən kəsilən stereotiplərdən yazı yazsa, o saat altında belə bir şərh hazır olur: niyə gedib açıq-saçıq geyinən qadınlardan yazmırsınız? Ya da belə: sizin kimilərdi cəmiyyətin başını pozan!

Sanki, bu cəmiyyətin ən böyük problemi, işsizliyin, narkomaniyanın, qətllərin, aclığın, səfalətin, haramxorluğun günahkarı açıq-saçıq geyinən xanımlardır. 
Qadınların alt və üst paltarında namus, əxlaq axtaran adamlar tanımadığı, bilmədiyi qadınlar haqqında qərar çıxarmaqdan, onu əxlaqsız, hətta fahişə adlandırmaqdan çəkinmirlər. Təki çayxanada, küçə tinlərində danışmağa yeni mövzuları olsun. 
Yaxşı, açıq-saçıq geyinən qadınlardan da yazarıq, qeyrətli bəylər! Ancaq mənim suallarıma cavab verəndən sonra...
Mənə deyə bilərsinizmi ki, niyə sizin dünyanızda "əxlaqsız" sözü ancaq qadın adının qarşısında keçir? Əxlaqsız sözü ancaq qadınlar üçünmü deyilib? 
Niyə kiçik qız uşaqlarını zorlayan manyaklara əxlaqsız deyilmir?
Niyə qız uşaqlarını ana bətnindəcə ölümə məhkum edən kişilərə əxlaqsız deyilmir? 
Niyə qızını təhsildən uzaq salıb 13 yaşında zorla ərə verən ataya əxlaqsız deyilmir? 
Niyə müəllimin 150 manat maaşından özünə pay kəsən məktəb direktoruna əxlaqsız deyilmir?
Niyə hər iclasda bir ailənin başçısının ürəyini partladan idarə müdirinə əxlaqsız deyilmir?
Niyə 15 yaşlı qızı alıb evə həbs edən, özü də Rusiyada kef çəkənlərə əxlaqsız deyilmir? 
Sualları istənilən qədər artırmaq olar...
Qadınlar var ki, lüt də gəzsə, yenə əlləri öpülüb alına qoyulasıdır. Qadın da var istəyir, 40 dərəcə istidə şubayla gəzsin, yenə mənəviyyatdan yoxsuldur. 
Ümumiyyətlə, nədir əxlaqsızlıq? Azərbaycan dilinin leksik lüğətində bu söz belə izah edilir: "Əxlaqı pis, mənəvi cəhətdən pozğun". 
Bununla kifayətlənməyib filosof Niyazi Mehdiyə müraciət etdim: "Əxlaqsızlıq nə deməkdir? Ancaq qadınamı aiddir bu?"
Cavabında dedi: "Yaramazlıq da əxlaqdır, necə ki çirkinlik də estetik olaydır. Əxlaqsız, əslində, yaxşı əxlaqı olmayan deməkdir. Əxlaqın namusacan daraldılması, namusun (mənlik və şərəfin) seksual sadiqliyəcən daraldılması İslam dünyasında ən zərərli manipulyasiya olub".
Bəs biz "əxlaqsız" damğası vurduğumuz qadınların hansı mənəviyyat sahibi olmağından, mənliyindən xəbərdarıqmı? Hansısa qısa ətək geyinən bir xanım yetim uşağın başına sığal çəkirsə, onu sevindirirsə, ona təhsil verməyə, gələcəyini sağlam qurmağına kömək edirsə, ona əxlaqsız demək olarmı? 
Mənə görə, əxlaqsızlıq, bilirsinizmi nədir?
Çörək kəsdiyi adamın işdən çıxarılması məsələsi ortaya gələndə "Yaxşı oldu, mən də onun yerini tutaram" deyib buna beş əllə razılaşmaqdır.
Halal zəhməti ilə işləyib ayın sonunu gözləyən fəhlənin əməkhaqqını kəsməkdir.
Kasıb-kusubun, yetimin sosial müavinətini yeməkdir.
Bütün həyatını onun uğrunda məhv edən qadını hər fürsətdə aşağılamaqdır.
Başqa qadına bahalı ətir almaq üçün uşaqlarının boğazından kəsməkdir.
Məktəbdə şagirdinə dərs keçməyib onu hazırlığa gəlməyə məcbur etməkdir, "Süpürgə pulu"nu gətirməyib deyə sinif yoldaşlarının yanında pisikdirməkdir.
Malını ikiqat baha satmaq üçün balalarının canına yalandan and içməkdir.
Pulu olmayan xəstəni ölümün ağuşuna atmaqdır. 
Bu siyahını da istənilən qədər uzatmaq olar. Amma məncə, ehtiyac yoxdur. Ümid edirəm ki, bir-birimizi başa düşdük. Ümid edirəm ki, hansısa qadını daşlamazdan əvvəl özünüzə, keçdiyiniz yola, məşğul olduğunuz işə də nəzər salacaqsınız. Ümid edirəm...
"Ümid sonda ölür" deyirlər. Ümid edirəm ki, hələ son deyil. 
Hələ...

Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR