Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Peşəkar rəqqas və “Ustad sənətkar”

Peşəkar rəqqas və “Ustad sənətkar”

Date: 12 November 2015 21:18


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasında (BXA) peşəkar rəqqas, xalq artisti Əlibaba Abdullayevin 100 illik yubileyinə həsr olunmuş “Ustad sənətkar” adlı elmi-praktiki seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova Azərbaycan rəqs sənətinə böyük töhfələr vermiş Ə.Abdullayevin qoyduğu sənət yolunun bu gün BXA-da uğurla inkişaf və davam etdirildiyini söyləyib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək yekun yubiley tədbirinə akademiyanın tələbələrinin böyük şövqlə hazırlaşdıqlarını vurğulayıb.
Daha sonra akademiyanın milli rəqslər kafedrasının müdiri, əməkdar artist Sənan Hüseynli məruzə ilə çıxış edərək ustad sənətkarın həyat və yaradıcılığından söz açıb. Azərbaycan rəqs sənətinin banilərindən olan Ə.Abdullayevin xoreoqrafiya və milli rəqs sənətimizdə böyük məktəb yaratdığını vurğulayan natiq rəqqasın Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı rəqs ansamblının tarixindən danışıb.
Qeyd edilib ki, görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Soltan Hacıbəyov və Cahangir Cahangirovla birlikdə rayon və qəsəbələri gəzən rəqqas folklor rəqs nümunələrimizi toplayaraq böyük səhnəyə çıxarıb. İlk dəfə Bakıda özfəaliyyət rəqs kollektivlərinin yaradılmasında da sənətkarın böyük əməyi olub. Bu kollektivlərin rəqslərinə quruluş verərək onların ümumittifaq festivallarda uğurlu çıxışlarına nail olub. Ə.Abdullayev Azərbaycan rəqs sənətinin tarixində yeganə rəqqas sənətkardır ki, beynəlxalq festivallarda ölkəyə səkkiz qızıl, bir gümüş və üç bürünc medal qazandırıb. Sənətkar “Azərbaycanfilm” kinostudiyasında 20-dən artıq bədii, “Telefilm” yaradıcılıq birliyində 80 sənədli filmə, Musiqili Teatrda isə 30-dək tamaşada rəqsə quruluş verib.
Sənətkarın tələbələri - xalq artisti Roza Cəlilova, əməkdar artistlər Aliyə Ramazanova, Kamil Dadaşov, çəkməçi, Əməkdar Mədəniyyət İşçisi Əli Əhmədov sənətkarla bağlı xatirələrini bölüşüblər. “Naz eləmə” rəqsinin real tarixçəsi barədə məlumat verən R.Cəlilova tədbir iştirakçılarının nəzərinə onu da çatdırıb ki, rəqqasın 1954-cü ildə quruluş verdiyi “Qaragöz” rəqsi düz 61 ildən sonra yenidən səhnəyə qayıdacaq.
Tədbirin sonunda Ə.Abdullayevin qızı Elmira xanım çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, atasının sənət yolunu layiqincə davam etdirən Azərbaycan rəqs sənətinin nümayəndələrinə daim axtarışda olmağı arzulayaraq onlara zərif, eyni zamanda, şərəfli sənət yolunda uğurlar arzulayıb.
Qeyd edək ki, tədbir boyunca sənətkarın quruluş verdiyi rəqslərdən nümunələr, filmlərdən fraqmentlər nümayiş olunub. BXA-nın tələbələrinin ifasında “Naz eləmə”, “Tərəkəmə” rəqsləri də böyük maraqla qarşılanıb.




Tags:  Peşəkar rəqqas Ustad sənətkar


RƏYLƏR


Top news