Miqrasiyaya dair Valletta Sammiti Avropa və Afrika ölkələri liderlərini bir araya gətirib

Miqrasiyaya dair Valletta Sammiti Avropa və Afrika ölkələri liderlərini bir araya gətirib
21:43 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Valletta, 12 noyabr, AZƏRTAC
Maltanın paytaxtı Vallettada miqrasiya ilə bağlı keçirilən Sammit Avropa və Afrika liderlərini bir araya gətirib.
Sammitdə əsasən sülh, sabitlik və iqtisadi inkişafın bərqərar olunması istiqamətində səylər, qanuni miqrasiya mexanizminin təkmilləşdirilməsi və təbliği, miqrantların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, miqrant axınının tənzimlənməsi və bu kimi digər məsələlər diqqət mərkəzində olub.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk sammitdə çıxış edərək miqrasiya probleminin müxtəlif aspektlərinə toxunub. Qeyd edib ki, bu böhrandan çıxış yolu həmrəy olmaqdır. O deyib: “Miqrasiya probleminin həllinə vahid yanaşma nümayiş etdirmək və bu istiqamətdə konkret addımlar atmaq üçün Valletta Sammiti önəmli təşəbbüsdür. Bu böhranın tənzimlənməsində hamımız bərabər səviyyədə məsuliyyət daşıyırıq”.
Almaniya Kansleri Angela Merkel, Birləşmiş Krallığın Baş naziri Devid Kemeron, İtaliyanın Baş naziri Matteo Renzi, İsveçrənin Prezidenti Simonetta Sommaruqa, Rumıniya Prezidenti Klaus Yohannis, bir sıra Afrika ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdikləri tədbir iki gün davam edib. Sammitin yekununda fəaliyyət planı, siyasi bəyannamə və Afrika üçün təcili etimad fonduna dair sənəd də imzalanıb. Sənəddə Afrika ölkələrinin inkişafına və miqrantların öz ölkələrinə geri qayıtmalarına yardım məqsədilə 1,8 milyard avro vəsaitin ayrılması nəzərdə tutulub. Fəaliyyət planına əsasən 2016-cı ilin sonunadək miqrasiya probleminin həllinə dair 16 təşəbbüs həyata keçiriləcək. Qəbul olunmuş qətnamədə miqrant böhranının dərinləşməsindən kəskin narahatlıq ifadə olunub və bu problemin tənzimlənməsi mexanizminə vahid yanaşmanın mövcudluğunun vacibliyi vurğulanıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Miqrasiyaya_dair_Valletta_Sammiti_Avropa_ve_Afrika_olkeleri_liderlerini_bir_araya_getirib-901568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR