“Qanlı Yanvar” filmi növbəti uğura imza atdı

“Qanlı Yanvar” filmi növbəti uğura imza atdı
08:01 13 Noyabr 2015
22 Şou
Ölkə mətbuatı
A- A+

Rejissor Vahid Mustafa Yevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi növbəti festivala hazırlaşır. ANS PRESS-in məlumatına görə, “Qanlı Yanvar” Azərbaycanı bu dəfə daha bir nüfuzlu festivalda - Estoniyada təmsil edəcək.

Bu dəfəki festival da dünyanın A kateqoriyalı film festivallarından biridir. “Black Nights” (Qara gecələr) adlanan film festivalı Estoniyanın Tallin şəhərində keçirilir. Bu məqsədlə də artıq Estoniyanın müxtəlif küçələrində “Qanlı Yanvar” filminin afişaları asılıb.

Tallin film festivalının mətubat xidmətinin rəhbəri ANS TV-yə müsahibəsində deyib ki, Azərbaycanı təmsil edən “Qanlı Yanvar” bu ilki festivalda tarixi fakta əsaslanan 3 filmdən biridir.

“Ümumiyyətlə, istənilən filmin tarixi faktlara əsaslanması onun təsir gücünü daha da artırır. Builki 28 dünya premyerası arasında Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi də var. O, özü də festivalda iştirak edəcək. Biz onu səbrsizliklə gözləyirik. Çünki o, avropalı tamaşaçı üçün yeni eqzotik şəxsiyyəti təmsil edir. Filmin tarixi fakta əsaslaması, müəyyən bir mədəniyyəti təmsil etməsi bizim üçün yeni təcrübədir.” – deyə Festivalın mətbut katibi Hannes Aava bildirib.

Film festivalın ikinci günü noyabrın 15-də nümayiş etdiriləcək. Festivalda iştirak edən əməkdaşımızın sözlərinə görə, tamaşaçıların istəyi ilə film festivalda 27 və 28 noyabr tarixlərində də təkrar təqdim olunacaq.

Minyonlarla tamaşaçı auditoriyası olan Tallin “Qara gecələr” Beynəlxalq film festivalı 1997-ci ildə Estoniyada təsis olunub. Bu il baş tutacaq 18-ci beynəlxalq festivala müxtəlif ölkələrdən 264 film dəvət alıb ki, onlardan da biri məhz “Qanlı Yanvar”dır. Film festivala dəvət alan yeganə Azərbaycan filmidir.

Ölkəmizin ən yeni tarixində baş verən hadisələri özündə əks etdirən film dünyanın ən nüfuzlu beynəlxalq film festivallarından olan Monreal və San Paulada Azərbaycanı layiqincə təmsil edib. Rejissor Vahid Mustafa Yevin şahidi olduğu hadisələri ekranlaşdırdığı filmdə adi insanların qızıl ordunun tanklarının qarşısını kəsmələri, azadlıq uğrunda mübarizəyə qalxmaları beynəlxalq festivallarda tamaşaçıların rəğbətini qazanıb. Beləcə, “Qanlı Yanvar” beynəlxalq film festivallarında iştirak etməklə, Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364674

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR