“Orta məktəblərdə diaspor dərsləri” layihəsi icra olunur

08:03 13 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Diaspor Jurnalistləri Birliyi (DJB) “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin icrasına başlayıb.
DJB-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi şagirdlərin Azərbaycan diasporu haqda təsəvvürlərini artırmaq, sərhədlərimizin hüdudlarından kənarda milyonlarla həmvətənimizin necə yaşaması haqda məlumat verməkdir.
İlk “Diaspor dərsi” Bakıdakı Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə keçirilib.
Məktəbin direktoru Yəhya Abbasov çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
DJB sədri Fuad Hüseynzadə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə “Diaspor dərsi” keçirilir. O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu deyib. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verib. Ə.Şeydabəyov qeyd edib ki, hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir.
Qeyd olunub ki, layihə çərçivəsində müxtəlif məktəblərdə 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi” keçiriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Orta_mekteblerde_diaspor_dersleri_layihesi_icra_olunur-901590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR