Avstraliya parlamenti Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıb

Avstraliya parlamenti Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağırıb
08:38 13 Noyabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Kanberra, 13 noyabr, AZƏRTAC 
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Lyuk Simpkins noyabrın 12-də parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir. Bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyi məlumat yayıb.
L.Simpkins deyib: “1992-1993-cü illərdə Ermənistan qanunsuz olaraq Azərbaycan ərazilərini işğal edib. Bu əraziyə Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon daxildir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 350 min etnik azərbaycanlı Ermənistandan qovulub. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal etməsi nəticəsində 750 mindən çox azərbaycanlı məcburi köçkünə çevrilib. Bir milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, öz torpaqlarından, əmlaklarından və əcdadlarının məzarlarından ayrı düşüblər”.
Deputat bildirib ki, BMT bunu işğal kimi tanıyıb və Ermənistanın yaratmaq istədiyi qondarma qurumu qəbul etmir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistanın işğalına aiddir. Mühüm məqam ondan ibarətdir ki, Avstraliya da qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə dair mövqeyimizi nəzərə alaraq, Ermənistanın üç dinc azərbaycanlıya qarşı rəftarına parlamentin diqqətini cəlb etmək istərdim. 2014-cü ilin iyulunda üç azərbaycanlı öz doğma torpaqlarını, işğal olunmuş əraziləri ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlar Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov, işğal altında olan Tərtər rayonundan Şahbaz Quliyev və Cəbrayıl rayonundan Həsən Həsənovdur. Həsən Həsənov öldürülüb.
L.Simpkins əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi girovların azad edilməsi ilə bağlı danışıqlar aparsa da, bu, uğurlu alınmayıb. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəqiq yeri və sağlamlıq vəziyyəti məlum deyil. Erməni mənbələrinin müxtəlif hesabatlarında bir çox uyğunsuzluqlar var. D.Əsgərovun və Ş.Quliyevin təxribatçı qrupun üzvləri olması və insanları qətlə yetirdiklərinə görə mühakimə edilməsi düzgün deyil.
Deputat onu da bildirib ki, Avstraliya xarici işlər nazirindən bu məsələni Ermənistan qarşısında qaldırmağı xahiş edəcək: “Şübhəsiz ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və Ermənistan D.Əsgərovu və Ş.Quliyevi azadlığa buraxmalıdır”.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliya_parlamenti_Ermenistani_isgal_etdiyi_Azerbaycan_torpaqlarini_azad_etmeye_chagirib-901594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR