"Binə"də nə baş verir?

"Binə"də nə baş verir?
09:47 13 Noyabr 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Son 2-3 ayda "Binə" ticarət mərkəzindəki mağazaların 50 faizdən çoxu qapadılıb. Buna səbəb ticarət mərkəzinin rəhbərliyinin iş adamlarına qarşı apardığı soyğunçuluqdur.

Bu barədə musavat.com-a danışan ticarətçi Turxan Veyisov deyir ki, "Binə"də alver etmək artıq mümkünsüz bir işə çevrilib:

"Ölkədə maliyyə problemləri başlayandan sonra "Binə" rəhbərliyi yerhaqqını və digər ödənişləri azaltmaq əvəzinə, günbəgün artırır. Bu səbəbdən sahibkarlar icarəyə götürdükləri mağazaları təhvil verib oradan çıxırlar. Orada mağazanı birdəfəlik almış iş adamları isə mülklərini satırlar. Faktiki olaraq "Binə"də sıraların beşində alver tam dayanıb, bütün mağazalar bağlıdır. Qalan 6 sıradakı mağazaların isə yarıdan çoxu ticarət mərkəzinin rəhbərliyinin və onların yaxın adamlarınındır. Burada daha çox Kəbirə Məmmədovanın yaxın adamlarının ölkəyə gətirdikləri mallar satılır. Onlar da qiymətləri azı 30-40 faiz qaldırıblar. Faktiki olaraq "Binə"də qiymətlər şəhərin mərkəzindəki mağazalarla eynidir".

Sahibkar bildirdi ki, "Binə"nin rəhbərliyi sahibkarları soymaqla məşğuldur: "Buna görə də biz sahibkarlar "Sədərək" ticarət mərkəzinə üz tutmağa qərar vermişik. Son 5-6 ay ərzində yüzlərlə iş adamı "Binə"ni tərk edərək "Sədərəy"ə gəlib, oradan yer götürüb. Xüsusilə ayaqqabı və parça, məişət texnikası satışı ilə məşğul olan ticarətçilər "Binə"dən kütləvi şəkildə köç edərək buraya gəlirlər. Səbəb odur ki, "Sədərəy"in rəhbərliyi yaranmış vəziyyəti, sahibkarların çətinliyini nəzərə alaraq, buraya işləməyə gələn ticarətçilərə böyük güzəştlər edir. Hazırda "Sədərək"də ötən illə müqayisədə bu il 50 faiz endirimlə mağazalar satılır, icarəyə verilir. Hətta durumu pis olan sahibkarlardan müəyyən müddət - alveri güclənənə, özünü düzəldənə qədər yerhaqqı alınmır. Yerhaqqı da burada 50 faiz ucuzdur. Bundan başqa, "Sədərək"də ticarətçilər özlərini arxayın hiss edirlər.

"Binə"ni ildə bir dəfə yandırırdılar, orada yanğın təhlükəsizliyi belə yox idi. "Sədərək"də isə yanğınsöndürən maşınlar var, yanğın zamanı sıralara maşınların girməsi üçün yer qoyulub, həmçinin, bura yanğın şitləri, həmçinin yanğın siqnalizasiyaları ilə təmin edilib. Bütün sıralarda yüksək təzyiqli su xətlərinə yanğın şlanqları birləşdirilib. Mühafizə güclü təşkil olunub, oğurluq halları, demək olar, yoxdur. Bunları gəzib bir-bir gözlərimizlə görmüşük. Burada malımızın, obyektimizin qorunması üçün lazım olan şərait yaradılıb. Həmçinin "Binə"dən fərqli olaraq "Sədərək"də inanclı insanlar üçün məscid də tikilib. Ona görə də sahibkarlar "Sədərəy"ə axın edir. Buradaki qiymətlər alıcılara da sərf edir. Ən azı 20 faiz ucuzdur burada qiymətlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR