​Azərbaycanda QHT-lərin qəbul etdiyi ianələr barədə məlumatların təqdim edilməsi qaydası təsdiqlənib

09:57 13 Noyabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report"un xəbərinə görə, bu qayda ianələr – qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan vətəndaşı, yaxud Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi qanunvericilikdə nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımlar barədə məlumatların Ədliyyə Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edilməsi qaydasını tənzimləyir.
Qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.
İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 manatadək ianəni nağd şəkildə qəbul edə bilər.
Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.
Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması üçün ərizə ilə müraciət edilməlidir.
Ərizə ianə qəbul edən qeyri-hökumət təşkilatının qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir.
İanə edilən pul vəsaitləri 200 manatdan artıq məbləğdə olduqda, ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.
Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 iş günü müddət təyin edir.
İanə barədə bildirişin verilməsi üçün Ədliyyə Nazirliyi ərizəni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması (ianə verən Azərbaycan Respublikasının rezidenti olduqda) və ianəni qəbul edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlarla uyğunluğu, ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlərin qanunvericiliyə və təşkilatın nizamnaməsi (əsasnaməsi) ilə müəyyən olunmuş məqsədlərə uyğunluğu, ianə qəbul edən qeyri-hökumət təşkilatı tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu araşdırılır. Bundan əlavə nazirlik ianə edilən pul vəsaitlərinin nağd verilməsi və ya qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilməsini , ianə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən verildikdə, həmçinin onun dövlət qeydiyyatına dair bağlanılmış sazişin qüvvədə olmasını araşdırır.
Ədliyyə Nazirliyi ərizə və sənədlər təqdim edildikdən sonra 15 gün müddətində məlumatları reyestrə daxil edir və qeyri-hökumət təşkilatına bildiriş verir.
Göstərilən məlumatların və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilmə müddəti 15 günədək uzadılır.
Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği, onları vermiş şəxslər, habelə ianə hesabına həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumatlar illər üzrə tərtib edilən reyestrdə əks etdirilir. Hər bir ianə barədə məlumat reyestrə daxil edilərkən, ona fərdi nömrə verilir. İanə üzrə bank əməliyyatları aparılarkən, ianənin fərdi nömrəsi bank sənədlərində əks etdirilir.
Ədliyyə Nazirliyi reyestrə daxil edilmiş məlumatlar haqqında ildə bir dəfədən az olmayaraq ümumiləşdirmə aparır.
Ərizədə göstərilən məlumatlar və ya ona əlavə edilən sənəddə yanlış məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, habelə ərizə və ya ona əlavə edilən sənəd təqdim olunmadıqda, ianə barədə məlumatların reyestrə daxil olunmasından və bu barədə bildirişin verilməsindən imtina edilir.
Qeyri-hökumət təşkilatı qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-qht-lerin-qebul-etdiyi-ianeler-barede-melumatlarin-teqdim-edilmesi-qaydasi-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR