Bakı Metropoliteni qışa hazırlaşır

Bakı Metropoliteni qışa hazırlaşır
10:12 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı metrosuna qışa hazırlıq işlərinin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi və zərurət yarandıqda müvafiq kömək göstərilməsi üçün təcili tədbirlərin görülməsinə dair tapşırıq verilib. Eyni zamanda, operativ qərargah yaradılaraq, həllini gözləyən bütün məsələlər nəzarətə götürülüb, komissiya baxışı keçirilib. Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərdə deyilir.
Belə ki, artıq qışa hazırlıq planı yerinə yetirilib. Qarlı-şaxtalı günlərdə sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər, əsasən, qatarların hərəkətinin, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib. Metropolitenin yeganə yerüstü stansiyası olan "Bakmil"də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib və təkrarən davam etdirilir.
Metro üçün qarlı günlərin ən mühüm məsələsi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsini və qəbulunu təmin etməkdir. Bununla bağlı, həmişəki kimi, yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb. Yolların, xüsusən də yolayırıcıların və qovuşuqların təmizlənməsi üçün işçilərin siyahısı tutularaq, sahələr üzrə briqadalar müəyyənləşdirilib. Bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyaları tələbata uyğun yoxlanılıb, bəziləri tam yenilənib, səliqə-sahman yaradılıb, sahələrdə təmir-bərpa işləri görülüb. Burada bütün avadanlıqlar, yenilənib. Həmçinin isitmə sistemi, geyim dəstlərinin quruducularının vəziyyəti təftiş edilib. Radiorabitə üçün ilkin sınaqlar da aparılaraq tənzimlənib, radioqovşaqda müvafiq işlər yerinə yetirilib. Qarla mübarizə dövründə çalışacaq işçilərin qərargahdakı ən kiçik məişət məsələlərinə də diqqət ayrılıb və lazımi planlar tərtib olunub.
Bu qrupların tam hazırlığının təmin edilməsi məqsədilə təlimatlandırma işinə xüsusi diqqət verilib. Builki qarla mübarizədə ilk dəfə iştirak edəcək işçilərlə xüsusi təlimatlar keçirilib, praktiki məşğələlər aparılıb və bu proses davamlı olaraq aparılacaq. Həmçinin, bütün xidmətlərin işinin tənzimlənməsi ilə əlaqədar tədbirlər də tam icra edilərək, müvafiq müzakirələr aparılıb və birgə fəaliyyət planı təsdiqlənib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-metropoliteni-qisa-hazirlasir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR