Sür, Şakira, sür

Sür, Şakira, sür
10:34 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

 

Çingiz Özgür

 

Onun adını lap əvvəllər Moskvada yaşayan yerlilərimizdən eşitdik. Bizimkilərin işlədiyi, Moskvanın ən böyük bazarlarından biri onun imiş. Üstəgəl, restoranları, biznesi, milyonları...

 

Haqqında danışanlar, onun bizim həmyerlimiz olmağını da, “seçilmiş” millətdən olmağını da xüsusi vurğu ilə deyirdilər. Daha sonralar Moskvada bayağı komediya filmi çəkən həmyerlilərimizə sponsorluq eləməklə xatirimdə qalıb. Şou-biznes adamlarına və meyxanaçılara qarşı olan “rəğbət”i haqda ağızdan-ağıza keçən dedi-qodular isə, yazılası deyil. 
 

Biznes böyüyüb pul artdıqca, miqyas da böyüdü. Əməkdar artist, xalq artisti dövrü, “Hollivud ulduzları” və dünyaca məşhur musiqiçilər dövrü ilə əvəz olundu. Siz də yaddaşınızı qurcalayın. İlk ağlınıza, internetdə gördüyünüz kadrlar düşəcək. Şakira ilə rəqs, verilən bahalı hədiyyələr - filan...
 

Moskvadan qovuldu, vuruldu deyərkən, adam Türkiyədə zühur etdi. Dünyanın ən bahalı otelini tikdirdi. Şərq təfəkkürünə xas, qızıl işləmələr, şatafat, kəhkəşan. Misirdən minlərlə ton qum gətizdirildi, çimərliyə töküldü. Nə imiş, qardaşlar? Bu qum ən qızmar günün altında belə, ayağı yandırmır(mış), yaş ayağa yapışmır(mış). Böyük zəhmətlər və xərclər bahasına tikildi, başa çatdı. Mənbələrə görə, nə az, nə çox - bir milyard (doqquz sıfırla yazıldığını qeyd edim ki, rəqəmin ciddiliyi tam olaraq anlaşılsın, üstəgəl otel haqda bəzi yazılarda bu rəqəm milyard yarım da göstərilir) pul xərclənmişdi. 546 saray dairəsi, villalar, kotteclər. Həmyerlimiz otelin anbarlarında yüzlərlə bahalı və qədim şərab şüşələrinə qədər, hər şeyi düşünmüşdü. Bir günlük qalmaq üçün ən ucuz qiymət doqquz min avro idi. Açılışında yenə dünya starları var idi... 
 

Və ötən gün, adamın rəsmən iflas olunduğu açıqlandı. Kreditlərini verə bilmirmiş. Bu cümləni adətən kasıb adamlar üçün tələffüz etməyə alışdığımızdan, sizə yanlış görsənə bilər. Amma və lakin işin özü budur. Kreditlərini verə bilmirmiş, vəssalam! Min arzuyla tikdirib, atasının adını verdiyi otel, çəkdiyi xərcin onda biri qiymətinə bank tərəfindən alındı. 360 minə satıldığı deyilir. Bu dəfə rəqəmdəki sıfırlar sizi qorxutmasın, söhbət TL-dən (Türk Lirəsi) gedir. Lap o məşhur filmdə deyildiyi kimi - “bizim pulnan, havayı”.
 

Bizim tv-lər öyrəşib axı, istər vəzifədən vurulub yıxılan, istər iflas edib yıxılan adamın malı-mülkünü, villalarını çəkib göstərsinlər. Bir kanalda göstərirdilər. Yox, villalarını yox. Uçuq sökük, baxımsız və hələ neçə illər qabaq satılmış ata ocağını. Yəqin bizim həmyerlimiz cavan vaxtlarında bir dəfə də iflas olubmuş, yoxsa atasının adını o səviyyədə yaşatmaq istəyən adam, ata ocağını niyə satsın ki?
 

Belə... Qalan bütün tarixinə də baxsaq, quqlda (artıq belə yazmağa hökumətimiz icazə verir rəsmən) axtarış da eləsək, inanmıram ki təhsilə, elmə xərclədiyi hansısa bir qəpik haqqında məlumat çıxa. (Düzünü boynuma alım, axtarış elədim. Alınmadı... Vallah, heç zad çıxmadı). Hansısa bir kasıbın balasını oxutdurmaq xəbərini, lap elə bu yazını yazdığım anda tapıb oxusam, yazını kompüterin də, özümün də yaddaşımdan birdəfəlik silib atmağa hazır idim. Ya heç olmasa bircə elmi tədbirə maliyyə dəstəyi. Əşşi, o da olmasın, bircə gənc yazıçının kitabını nəşr elətdirmək üçün qəpik quruş. Yoxdur, vallah da, billah da yoxdur. 
 

Əsrimizdə ağılla, savadla milyonlar qazanmış insanlar, nəinki sağlığında, hətta ölümündən sonra da maarif, təhsil naminə pul xərcləməyi düşünür. Düzdür, hələ ki, bizdə o əjdahadan yoxdur, amma xaricdə, Avropa və qərb dünyasında minlərlə nümunələr var. Hətta öz pulunun bir qəpiyini belə maddi varislərinə saxlamadan, təhsilsizliyin, yoxsulluğun aradan qaldırılması ilə məşğul olan təşkilatlara vəsiyyət edənlər var.
 

Bizim dərdimiz bir batmış milyoner dərdi deyil e. Cəmiyyət olaraq, böyük ölçüdə bu vəziyyətdəyik. Pulumuzu şou-biznes adamlarına, şatafatlı proyektlərə xərcləməkdə, kimsə əlimizə su tökə bilməz. Uşağımızın sünnətinə hamıdan çox pul xərcləmək, hansısa göyçəyin, yarım saatlıq ağız tərpətməsi üçün minlərlə manat puldan keçmək, nəvəmizin doğum evindən çıxmasını belə, ən bahalı saraylarda dəbdəbə ilə qeyd etmək, bizim həyat amalımız deyilmi? Düzünü deyin, oxşamırıqmı, haqqında danışdığım adama? Eyni şey deyilmi?
 

Bu gedişlə, bizim pulumuza alınmış bahalı maşınlarla Şakiralar kef edəcək. Bizsə, yolun qırağından baxıb, “sür, Şakira, sür. Sür, get” – deyəcəyik. Sür get, bizim işimiz var hələ...

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR