Onlara məktəb verin - Mehdiabadda zirzəmi və dominoxanada dərs keçilir

Onlara məktəb verin - Mehdiabadda zirzəmi və dominoxanada dərs keçilir
10:47 13 Noyabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə il öncə Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasından Abşeron rayonunun Mehdiabad Gənclər Şəhərciyinə köçürülən məcburi köçkün uşaqlarının məktəb problemi hələ də həll olunmayıb.

Bu haqda modern.az saytına danışan məcburi köçkün Zaur Musayev bildirib ki, köçürülən zaman hər bir şeyə təminat verilibmiş.

O qeyd edir ki, bir il öncə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən məktəbin tikintisinin aparılacağına söz verilsə də, heç bir nəticə yoxdur.

"Bizi əraziyə köçürən zaman söz verildi ki, yaşayış üçün lazım olan bütün şərait yaradılacaq. Təxminən 1 il əvvəl Əli Həsənov da əraziyə baş çəkdi, sakinlərlə görüşdü və problem onun diqqətinə çatdırıldı. Sədr görüş zamanı tezliklə problemin aradan qaldırılacağını bildirərək iki min şagirdlik yeni məktəbin tikintisinə start veriləcəyini diqqətə çatdırdı".

Məcburi köçkün deyir ki, hazırda şagirdlərə zirzəmilərdə dərs keçirlər:

"Şagirdlərin bir hissəsi Abşeron rayon ərazisindəki 14-cü binanın zirzəmisində, 10-cu sinif şagirdləri isə dominoxanada dərs keçirlər. Orada isə parta, dərs şəraiti yoxdur. Mənim qızım 2-ci sinifdə oxuyur. Onların sinfində 26 şagird təhsil alır. Şagirdlər hər gün dərsə gedirlər. Təbii ki, normal şəraitdə keçirilən dərslə zirzəmidə keçirilən dərslərin keyfiyyətində fərq var. Bizim istəyimiz odur ki, övladlarımıza təhsil almaları üçün normal şərait yaradılsın. XXI əsrdə yaşayırıq. Dövlətimiz, prezidentimiz məcburi köçkünlərin bütün məsələlərinə həssaslıqla yanaşırlar. Ona görə də əminik ki, bu məsələ də tezliklə həll olunacaq. Övladlarımız məktəb istəyirlər. Başqa bir şey istəmirik. Bizim övladların təhsil almaları üçün məktəb istəyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR