Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanda körpə ölümü azalıb" - Səlim Müslümov

"Azərbaycanda körpə ölümü azalıb" - Səlim Müslümov

Date: 13 November 2015 11:29

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, S.Müslümov respublikamızda sabit demoqrafik vəziyyətin hökm sürdüyünü vurğulayıb: “Bu gün Azərbaycan əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ilk yeri tutur. Əhali sayının 9 milyon 666 min nəfərə çatdığı ölkədə sosial rifah səviyyəsinin getdikcə yaxşılaşması, səhiyyə sisteminin təkmilləşməsi, doğulanda gözlənilən ömür uzunluğunun da artaraq ötən il üçün 74,2 yaş, o cümlədən kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil etməsinə səbəb olub. Həmçinin körpə ölümü halları 1990-cı illə müqayisədə təqribən 2 dəfədən çox aşağı düşüb. Eləcə də 2000-ci illə müqayisədə körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 16,4-dən 2014-cü ildə 10,2-ə qədər azalıb”.

 

Azərbaycanda ölümün səviyyəsinin nisbətən aşağı və sabit səviyyə ilə səciyyələndiyini bildirən nazir  Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsinin göstəricisinin xeyli artdığını, sonrakı illərdə Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalıb 2014-cü ildə əhalinin hər 1000 nəfərinə 5,9 nəfərə endiyini qeyd edib.

Nazir bildirib ki, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul edilib: “Bu Proqram uğurla icra olunub və növbəti mərhələ, yəni yaxın 10 il üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Layihə ictimaiyyətin geniş iştirakı, habelə BMT-nin Əhali Fondunun ekspert dəstəyi şəraitində daha da təkmilləşdirilib”.

 

S.Müslümov bildirib ki, bu layihənin hazırlanmasında, BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının müddəalarına daim xüsusi önəm verilib: “Eyni zamanda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü vacib prinsiplər və eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetləri diqqətdə saxlanılıb”.

B.Osotimehin Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərin BMT-nin Əhali Fondu tərəfindən maraq və rəğbətlə izləndiyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığı gələcəkdə də məqsədyönlü şəkildə davam etdirmək əzmində olduğunu bildirib.

 






Tags:  Azərbaycanda körpə ölümü azalıb Səlim Müslümov

RƏYLƏR


Top news