Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müvəqqəti işlər vəkili: "Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Müvəqqəti işlər vəkili: "Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Date: 13 November 2015 11:47

Bakı. 13 noyabr. REPORT.AZ/ Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverikin "Report"a müsahibəsi:
- Cənab Kiverik, Estoniya və Azərbaycan arasındakı siyasi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
- Ümumilikdə ikitərəfli siyasi münasibətlərdən danışırıqsa, bu, həmişə dostluq xarakteri daşıyıb. Ölkələrimiz arasında ciddi fikir ayrılıqları və ya mübahisəli məsələlər yoxdur. Bu münasibətlərin səviyyəsinə gəlincə, burada biz inkişaf mərhələsindəyik. Estoniya yalnız ötən il Bakıda səfirlik ofisi kimi nümayəndəliyini açıb (səfirliyin özü isə Ankarada yerləşir). Biz hər zaman beynəlxalq təşkilatlarda, məsələn, ölkənin BMT-nin müxtəlif strukturlarına seçilməsi məsələsində Azərbaycanı dəstəkləyirik.
- Ölkələrimiz əməkdaşlığın hansı sahələrində fəal işləyə bilər? İki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi necədir?
- İkinci sualdan başlamaq istərdim. Mən əməkdaşlıq səviyyəsini təkcə ticarət dövriyyəsi ilə ölçməzdim. Bunun da bir çox səbəbləri var. Məsələn, biz Gürcüstanla çox yaxın tərəfdaşıq və uzun illərdir müxtəlif sahələrdə sıx əməkdaşlıq edirik. Ancaq aramızdakı ticarət dövriyyəsi cüzidir. Bunun da əsas səbəbi coğrafi yerləşmə, ölkələr arasında uzun məsafənin olmasıdır. Ticarətdən fərqli olaraq, informasiya texnologiyaları sahəsində Azərbaycanla sıx əməkdaşlığımız var. Ötən il Estoniya universitetlərinin böyük nümayəndə heyəti Azərbaycana gəlmişdi. Biz təhsil, akademik mübadilə və elm sahəsində əməkdaşlıqda çox maraqlıyıq. Daha geniş əhali təbəqəsi üçün mədəni mübadilə əlverişlidir. Bu sahədə çox iş görməliyik. Biz həm də istər Şərq Tərəfdaşlığı çərçivəsində, istərsə tvinninq layihələri çərçivəsində islahatlar təcrübəmizi bölüşməyə hazırıq.
- Avropada miqrantlarla bağlı problemə ölkənizin mövqeyini bilmək istərdik. Estoniya Yaxın Şərqdən gələn qaçqınları qəbul edəcək?
- Estoniya bu məsələ ilə bağlı Avropa İttifaqı ölkələrinin əməkdaşlığa ehtiyac duymasını anlayır. Digər Aİ ölkələri qaçqın axını problemi ilə üz-üzə qalarkən biz kənarda qala bilmərik. Hazırda qaçqınların yerləşdirilməsi üzrə dəqiq müəyyən edilmiş qayda və meyarlarımız var, bütün lazımi şəraiti yaratmağa çalışırıq. Qaçqınları yox, iqtisadi miqrantları nəzərdə tutursunuzsa, burada konkret kvotalar var, hər bir işəgötürən xarici işçi qüvvəsinə ehtiyacı olduğunu sübut etməlidir.
- Estoniyanın MDB məkanında həlli uzadılmış münaqişələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Estoniya bu məsələlər üzrə iki əsas prinsipə əsaslanır. Biz hər bir ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Eyni zamanda, münaqişələrin hərbi yolla həll edilməsini də qəbul edə bilmərik. İstər Abxaziya olsun, istər Krım, istərsə də Qarabağ... Gücdən istifadə münaqişəni yalnız daha da kəskinləşdirə bilər. Belə mübahisələri sülh yolu ilə həll etmək lazımdır. Cənubi Qafqaz regionunda silahlı qarşıdurma fəlakətə, dəhşətli nəticələrə səbəb ola bilər. Aİ də bu məsələdə narahatdır. Bizə sabit, dinc, müstəqil və əməkdaşlığa açıq Azərbaycan lazımdır.

Tags:  Müvəqqəti işlər vəkili Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır

RƏYLƏR


Top news