Beyrutdakı partlayışların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Beyrutdakı partlayışların məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb
11:48 13 Noyabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
İŞİD qruplaşması Beyrutda baş verən partlayışların məsuliyyətini öz üzərinə götürüb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, partlayışlar noyabrın 12-də axşam saatlarında Livan paytaxtının cənub kənarındakı Bürc-əl-Baradcna rayonunda baş verib. Bu bölgədə əsasən yaraqlılarının Suriyada Bəşər Əsəd tərəfində döyüşən radikal “Hizbullah” təşkilatının fəalları məskunlaşıb. Hadisə nəticəsində 40 nəfərdən çox insanın həlak olduğu, 200 nəfərdən çoxunun isə yaralandığı bildirilir. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Livan mediasının məlumatına əsasən, partlayışlar poçt və ərzaq daşınması üçün nəzərdə tutulan motosiklet vasitəsi ilə hərəkət edən iki kamikadze tərəfindən törədilib. Partlayışlardan biri məscid və ticarət mərkəzinin qarşısındakı meydanda, digəri isə bir qədər sonra küçəyə insanların toplaşdığı vaxt baş verib.
Faciə ilə bağlı Livanda milli matəm elan olunub.
Xatırladaq ki, bu, Suriya münaqişəsinin başlanmasından və “Hizbullah” hərəkatının münaqişəyə cəlb olunmasından bəri Beyrutun şiələr yaşadığı rayonlarında baş verən ilk partlayış deyil. 2013-cü ilin noyabrında buradakı İran səfirliyinin qarşısında bir neçə partlayış törədilmişdi. Son iki ildə isə hərəkatın ofisləri və müəssisələri dəfələrlə hücumlara məruz qalıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beyrutdaki_partlayislarin_mesuliyyetini_ISID_qruplasmasi_uzerine_goturub-901635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR