Nazim Süleymanov: "Futbolçuların intizamsız hərəkəti məni narahat etdi"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində Türkiyəyə 0:1 hesabı ilə uduzduğu barədə xəbər vermişdik.

Oyundan sonra hər iki yığma komandanın baş məşqçisi mətbuat konfransı keçirib. Mütəxəssislərin səsləndirdiyi fikirləri sizinlə bölüşürük:

Nazim Süleymanov (Azərbaycan yığmasının baş məşqçisi): “Çox məyusam. Fasilədə uşaqlara diqqətli olmağı tapşırdıq. Futbolun dili ötürmədir. Kənardan da futbolçulara ötürmə verməyi tapşırırdıq. Sanki bizim futbolçular topu qəbul etdikdən sonra mütləq rəqibini aldatmalıdır. Niyə, anlamaq olmur.

Futbolda udmaq da var, uduzmaq da. Biz bu gün Avropa çempionatının seçmə oyununda Azərbaycanı təmsil edirik. Futbolçuların intizamsız hərəkəti məni narahat etdi. Oyundan dərhal sonra söhbətimiz oldu, amma bununla bağlı müəyyən qərarlar vermək lazımdır. Futbolu 90 dəqiqə oynayırlar. Hətta son saniyələrdə qol vurub, məğlubiyyətdən qaçmaq, hətta qələbə qazanmaq olur. Bu gün bunu edə bilmədik və demək olar ki, mərhələ adlamaq şansımızın üzərindən xətt çəkdik”.

Vedat İnceefe (Türkiyə yığmasının baş məşqçisi): “Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Çünki Bonsiya və Herseqovinaya qarşı bir hissə azlıqda oynamışdıq. Bu gün həmin matçın yorğunluğu hiss olunurdu. Oyunun gedişində yenə azlıqda qaldıq və yenə 10 nəfərlə mübarizə aparmalı olduq. Futbolçularıma əsasən müdafiədə diqqətli oynamağı tapşırdım. Buna görə də rəqib müdafiə xəttimizi yara və qol epizodu yarada bilmədi. Şadam ki, mərhələ adlama şansımızı saxladıq. Son qarşılaşma bizim üçün finala bərabər matç olacaq. Təbii ki, qələbə qazanmaq və elit-raunda yüksəlmək istəyirik. Əslində, könlümüzdən bu yolda Azərbaycanla birgə addımlamaq keçir. Ancaq qardaş ölkə, demək olar ki, şanslarını itirdiyindən, biz bunu bacarmalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR