ŞOK! Azərbaycanlı hakimlərin rüşvət qalmaqalı.. (VİDEO)

Verdiyimiz sözü tutduq. Anonsu aprelin 25-də etmişdik. Düz 6 ay öncə. Daşdan səs çıxdı, aidiyyatlı orqanlardan səs çıxmadı. Gözlədik ki, AFFA (Peşəkar Futbol Liqası) bir əncam çəksin, sular durulsun. Heç yerlərindən də tərpənmədilər. Araşdırmağa can çəkdilər. Ört-basdır etdilər, burcutdular. Nəylərinə lazım, o gün o gündə qalmış! Onlara görə.


2001-ci il, ilyulun 28-i. UEFA Kubokunun "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) arasında cavab matçı. İlk görüşdə 1:2 hesabıyla məğlub olan balkanlıları növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə 1:0 da qane edirdi. Avropa futbol təşkilatı oyunun idarəçiliyini Asim Xudiyev, Rufulla Kərimov, Ramiz ƏsədovXaqani Məmmədovdan ibarət azərbaycanlı hakimlər briqadasına tapşırmışdı. UEFA nə biləydi ki, bizimkilər bura ədaləti qormağa gəlməyib, və öz ciblərinin qayğısına qalacaqlar.


Latviyalılar birinci hissədə qapısında qol görüb. Asim Xudiyevin 44-cü dəqiqədə təyin etdiyi penaltini Yosip Balatineç qonaqların qapısından keçirib. Bu hesab "Osiek"i növbəti mərhələyə çıxaracağından, Latviya klubunun rəsmiləri ikinci hissənin gedişində azərbaycanlı hakimlərə rüşvət təklif eləyib. Bunu biz demirik, Xaqani Məmmədovun özü deyir. Xorvatiyada 4-cü hakim funksiyasını yerinə yetirən AFFA Hakimlər Komitəsinin hazırkı sədri 72-ci dəqiqədə, "Dinaburq" sonuncu əvəzləməni edərkən "özünü buraxıb".

Asim, qonaqlar "niçya"ya 15 dənə verir

O, öncə laynsman Ramiz Əsədova qışqırıb ki, Asim Xudiyevə latviyalıların "təklif"ini çatdırsın. Baş hakim köməkçisinin sözlərini yaxşı başa düşmədiyindən, bu dəfə Xaqaninin özü "qollarını çırmalayıb". "Asim, qonaqlar "niçya"ya 15 dənə verir" söyləyib.

Xudiyev bu xəbərdən sonra sanki qanad alıb, "Osiek"i qapısına doğru sıxışdırıb. Hesabı 1:1 etmək üçün "meymunluq" etməyə başlayan Asimin bütün cəhdlərinə baxmayaraq, "Dinamo" istəyinə çatmayıb. Bu, nədi? Rüşvətə cəhd cinayət məsuliyyəti deməkdi…

Oleq Qavrilov - «Dinaburq»un prezidenti 2013-cü ildə Latviya futbolundan ömürlük uzaqlaşdırılb. Danışılmış oyunların təşkilində, alınıb-satılmasında, hakimlərlə «işbirliyində» iştirakına görə. Xorvatiyada bizimkiləri də o şirnikləndirmiş! Bilirmiş kimi nə cür ələ almağı. Daş qayaya rast gəlməmiş. Taylı tayını Balkan yarımadasında tapmış…


Futbolumuzu nəyə görə bədbəxtçilik basıb, başa düşdüzmü? Kiri-pası üzərində və dünənlərində gəzdirən adamlar bu gün də iş başındadı. Latviyadan fərqli olaraq. Asim Xudiyev AFFA-da məsul vəzifə tutur, UEFA dərəcəli hakim-inspektordu. Ona bu oyunda bayraq tutmuş Ramiz Əsədov isə hələlik milli dərəcəli hakim-inspektordu, ölkə çempionatına təyinat alır, hakimlərə qiymət verir. Xaqani Məmmədova gəlincə, o, 2007-ci ildən hakimlik sahəsinə rəsmən cavabdehlik daşıyır.

Hələ də postdadı. Gedənə oxşamır. Göndərilənə də oxşamır. Baxmayaraq ki, paltosunun ətəyi çoxdan çirklənib. Fuad Musayevin 11 illik AFFA prezidentliyi dönəmində etdiyi əməllərin üstünü arxivdə toz basmayıb. 2005-ci ildə, «Turan» - «İnter» matçından (0:1) sonra, Ağstafa-Bakı qatarında Anatoli Konkovla keçirdiyi qısa «görüş»ü axı necə qulaqardına vurmaq olar? Özü də etiraf etmişdi bu olayı. Həmin dövrün mətbuatında rəqəm də hallanmışdı - 20 min dollar. Bu 20 mini yemək, üstündən su da içmək olar, bəs faktın? O ki nə yeməli, nə də içməlidi.

Biz bu videonu öz kanallarımızla əldə etmişik. Sual verməyin, kimə nə dəxli var ki, fakt əlimizə necə keçib? Olsun Xaqani Məmmədovun keçmiş həmkarlarından biri. Və ya Xorvatiyadakı dostlarımız. Bu, nəyi dəyişir ki? Heç kim burda əjdaha başı axtarmasın. Vacib olan sübutdu, biz də onu oxucularımızın təqdim edirik.

Xaqani Məmmədov bugünlərdə mətbuata verdiyi açıqlamada Əliyar Ağayevin ilk dəfə avrokubokların qrup mərhələsinə təyinat almasına münasibət bildirib və «çox deyirdilər ki, Azərbaycanın heç bir hakimi son illər mötəbər oyunlara təyinat almır, onlar üçün ən yaxşı cavab bu oldu» söyləyib. İndi buyursun, bu videoda əksini tapan sözlərinə görə cavab versin!

Sportinfo.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR