Ruslar Azərbaycanı "işğal" edə bilər

Ruslar Azərbaycanı "işğal" edə bilər
14:01 13 Noyabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Misirə uçuşları təxirə salması Azərbaycana bu ölkənin turistlərini cəlb etmək şansı yaradıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Hava Yolları (AZAL) rus turistlərinin ölkəmizə marağını artırmaq üçün artıq sərfəli tur paketləri üzərində işləməyə başlayıblar.

AZAL-ın Moskvaya və Rusiyanın bir sıra regionlarına birbaşa uçuşlar həyata keçirməsi, eyni zamanda, Rusiyanın Misirə olan uçuşları dayandırması fonunda Azərbaycana gələn rus turistlərinin sayında xeyli artım müşahidə oluna bilər.



Azərbaycan Turizm Assosiyasiyasının prezidenti Nahid Bağırov də məsələyə münasibət bildirib: "Əslində, hal-hazırda ölkəmizdə mövcud olan hava şəraiti daha çox turistin ölkəmizə gəlməsinə şərait yaratmasa da, amma təxmin edirik ki, əvvəlki illərə nisbətən Rusiyadan turist axının sayı arta bilər", - deyə qurum rəsmisi bildirdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədovun sözlərinə görə, rus turistləri həmişə Azərbaycan üçün prioritet olub: "Hər hansı bir hadisənin baş verməsi ilə əlaqədar olaraq deyil, ümumiyyətlə, hər zaman çalışırıq ki, qonşu ölkələrin turistlərini ölkəmizə cəlb edək. Statistikaya nəzər salsanız, görərsiniz ki, həmişə Rusiyadan gələn turistlər sayına görə birinci sırada yerləşir", deyə Vüqar Şıxəmmədov əlavə etdi.


Vüqar Şıxəmmədov - Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri


Ümumiyyətlə, bu ilin yanvar-iyul ayları üçün Azərbaycan Dövlət Statistika Komitəsinin açıqlamasında ölkəmizə Rusiyadan 310.700, Gürcüstandan 283.400, Türkiyədən 148.200, İrandan 72.800, Ukraynadan 27.200, Böyük Britaniyadan 19.400, Almaniyadan 7.800, ABŞ-dan 6.500 turist gəlib.




Azərbaycan da Misirdə baş verən hadisələrlə bağlı rus turistlərini ölkəmizə cəlb etmək üçün bir sıra yeni təkliflər hazırlamalıdır. qiymətlər aşağı salınmalı, xidmət səviyyəsi artırılmalı, menecment işində yeni texnologiyalardan isifadə edilməlidir. Azərbaycanın turizm imkanlarından geniş istifadə edilməlidir. Ölkəmizin özünəməxsus mədəniyyəti, tarixi , təbiəti, mətbəxi haqqında turistlərə ətraflı məlumat verilməlidir.

Artıq Azərbaycan deyil, digər ölkələr də turistlərin marağını cəlb etmək üçün yeniliklər təklif etməyə başlayıblar. Belə ki, İsrailin Turizm Nazirliyi dekabrın 25-dən Misirə səfər edən rus turistlərindən 10-20%-ni qəbul etməyə hazır olduğunu bildirib. Bu məqsədlə Rusiya turistləri üçün mehmanxanalar da qiymətləri xeyli azaldıb.

Türkiyə hakimiyyəti Rusiya rəhbərlərinin turistlərə Misir əvəzinə Antalyanı təklif etməsini müsbət qarşılayıblar. Bu ilin noyabrın 7-dən etibarən Misirə alınan tur paketlər Türkiyə tur paketləri ilə əvəz olunub.

Cari ilin noyabrın 6-da Milli terrorçuluğa qarşı komitənin növbədən kənar yığıncağında Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov Sinay yarımadasında qəzaya uğramış təyyarənin səbəblərini açıqlamayınca Misirə uçuşları dayandırmağı təklif edib. Bu təkliflə Rusiya prezidenti Vladimir Putin də razılaşıb.


Vladimir Putin - Rusiyanın prezidenti


Bu səbəbdən də Rusiya Tur Operatorları Asossasiyası (ATOR) turistlərə Misir əvəzinə Türkiyə turları təklif edib. Bu barədə “Brisco Travel” şirkətinin əməkdaşı Yuliya Polesovaya məlumat verib.

Bu il oktybarın 31-də Rusiyaya məxsus A 321 təyyarəsi Şarm-əş-Şeyx - Sankt-Peterburq reysini həyata keçirərkən Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 224 sərnişinin hamısı həyatını itirib. Ölənlər arasında 29-nun uşaq olduğu deyilir.


Qəzaya uğramış təyyarənin görüntüləri

Təyyarədə olanlardan 3-ü Ukrayna, qalanları isə Rusiya vətəndaşı olub. Ölənlər arasında Rusiya Fövqəladə Hallar Naziriliyinin dərc etdiyi siyahıda azərbaycanlının olmadığı açıqlanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=364683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR