​DBNX: "Quş qripi"nə görə aparılan monitorinq zamanı xəstəlik törədiciləri aşkarlanmayıb

14:12 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

DBNX-dən "Report"a daxil olan xəbərə görə, “quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1 835 baş ev quşunun qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. DBNX bununla əlaqədar bildirir ki, müayinələr noyabrın 13-də başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası və havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.
“Quş qripi” xəstəliyinin ölkəmizə köçəri quşlardan keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Xidmət respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqə dekabrın 7-də start veriləcək.
Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/dbnx-qus-qripi-ne-gore-aparilan-monitorinq-zamani-xestelik-toredicileri-askarlanmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR