Nazim Süleymanov daha bir futbolçunu cəzalandırıb

Nazim Süleymanov daha bir futbolçunu cəzalandırıb
14:42 13 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun hücumçusu Elnur Cəfərov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasından kənarlaşdırılıb. Bu barədə "Report"a millinin baş məşqçisi Nazim Süleymanov məlumat verib. 
Onun sözlərinə görə, səbəb 18 yaşlı forvardın Türkiyə yığması ilə AVRO-2016-nın seçmə qrup matçında etdiyi intizamsızlıq səbəb olub: "Elnur "fair-play"a əməl etməyərək, iki komandanın futbolçuları arasında münaqişəyə səbəb oldu. Bunun nəticəsində ikinci sarı vərəqəni aldı və gələn oyunda oynamayacaq. Onu gündəlik ödənişdən məhrum etdim və göndərdim". 
N.Süleymanov "Qarabağ"ın müdafiəçisi Mahir Mədətovun da yığmadan kənarlaşdırılma səbəbini açıqlayıb: "Ümid edirdik ki, Mahir bu seçmə mərhələdə bizə kömək edə biləcək. Amma həm Ukrayna, həm də Türkiyə ilə oyunlarda göründü ki, o, çox da yaxşı formada deyil. Eşitdim ki, Türkiyə ilə matçda zədə səbəbindən əvəzləndikdən sonra gedib tribunada oturub tum çırtlayır. Komanda ilə yaşamaq lazımdır. Hər futbolçunun yanına polis qoymalıyıq? Bundan başqa mübahisə zamanı Mədətov gəlib yan xətt hakimini vurdu və mən bunları gördüm. İntizam olmalıdır. Onu da gündəlik ödənişdən məhrum etdim və komandadan kənarlaşdırdım". 
Cəfərov və Mədətovdan əlavə, millinin daha bir futbolçusu Emil Həsənzadə noyabrın 15-də Bosniya və Herseqovina yığması ilə qrupun son tur matçında çıxış etməyəcək. Həsənzadə ilk 2 matçda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Baş məşqçi bildirib ki, hər bir futbolçunun intizamlı olmalıdır: Cəmiyyətdə hər kəs istədiyin etsə necə olar? Biz Azərbaycanı təmsil edirik. Biz kəmiyyətə yox, keyfiyyətə baxacağıq. İştirak ərizəsinə 18 oyunçu daxil edirik. 2 qapıçı və 16 futbolçu. 3 nəfər yoxdursa, olmasın. 15 nəfərlə oynayacağıq. Quyuya su tökməklə dolmur. Hamımızın canı yanmalı, istəməliyik. Futbolun incəliklərini öyrənməkdənsə, həyatda hansı axmaq hərəkətlər varsa, onları götürürlər. Onlar bizim balalarımız, gələcək fuytbolçularımızdır. İntizamla bağlı komanda ilə danışdım. Avropa çempionatının seçmə mərhələsidir, evdə oynayırıq. Biz xalqı təmsil edirik". 
N.Süleymanovun fikrincə, intizamsızlıqla əlaqədar bütün günahı klubların üstünə atmaq düzgün deyil: "Hər kəs istərdi ki, intizamlı, yaxşı oyunçu olsun. Sadəcə, futbolçu şəxsiyyət olduğunu dərk etməlidir. Hər kəs düşünür, cavab verir. Onların içərisində yaxşıları da var ki, pislərin içində gedir. Mənə elə gəlir ki, bizim futbolçuları düzgün təlim-tərbiyə etmək lazımdır. Futbolçu özün hər şeyi dərk etməlidir. Sadəcə, mənim vaxtım az oldu. Bizim futbolçular düşünməli, öz üzərlərində çalışmalı, boş vaxtlarını başqa şeyə sərf etməməlidirlər. Vaxtlarını meydançada keçirməlidirlər. çalışmalıdırlar. Çox problemlər var. Futbolçunun qidalanması, istirahət, məşqi bir-birini tamamlayır və olmalıdır".
Qeyd edək ki, Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Bakıda keçirilən Avropa çempionatının seçmə qrup mərhələsində əvvəlcə Ukraynaya 0:4, ardından Türkiyəyə 0:1 hesabı ilə uduzub. Qrupun son oyununda rəqib Bosniya və Herseqovina millisi olacaq. Noyabrın 15-də Bayıl stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq.  

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/nazim-suleymanov-daha-bir-futbolcunu-azerbaycan-yigmasindan-kenarlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR