“Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının  təqdimat mərasimi keçirilib
14:43 13 Noyabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord David Çarlz Evansın müəllifi olduğu “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, beynəxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” Birinci Avropa Oyunlarında uğur qazanmış Azərbaycan idmançıları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan SOCAR-ın vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə son illərdə Azərbaycanın sürətli inkişafı, yenilikçi ideyaları, möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə dünyada tanındığını diqqətə çatdırıb.

O, Azərbaycanda keçirilən tədbirlərin kəmiyyəti, keyfiyyəti, unikallığı və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndiyini xüsusi vurğulayıb. R.Hüseynzadə deyib ki, bu tədbirlərdən ən mühümü dünya idman tarixinə qızıl hərflərlə yazılmış Birinci Avropa Oyunlarıdır: “Bu, Oyunlar dünya tarixində ilk dəfə məhz Azərbaycanda təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bu Oyunların standartı yox idi. Avropa Oyunları ilk dəfə məhz Azərbaycanda keçirildi və bütün dünyaya örnək oldu”.

R.Hüseynzadə kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə, o cümlədən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Lord Evansa və digər şəxslərə minnətdarlığını bildirib, nəşrin ölkəmizin dünyada geniş təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

Açılış çıxışından sonra “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğulayıb. O bildirib ki, bu uğurların əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən dövlətçilik ideyaları və Prezident İlham Əliyevin müdrik rəhbərliyi dayanır.

R.Abdullayev qeyd edib ki, Birinci Avropa Oyunları bütün dünyaya Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi.

Daha sonra çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib ki, bu möhtəşəm nəşr və onun təqdimat mərasimi “Bakı-2015” Birinci Avropa Oyunlarının həyəcanını bir daha yaşatdı. O qeyd edib ki, BP Azərbaycanın Avropanın ən mühüm idman hadisəsinə yüksək səviyyədə ev sahibliyi etməsindən qürur duyur.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Evans çıxış edərək nəşrin ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını çatdırıb. Böyük Britaniya ilə Azərbaycan arasında sıx münasibətlərin olduğunu vurğulayan Lord bildirib ki, bu kitabda Birinci Avropa Oyunları, habelə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər əks olunub: “Belə möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirik və bununla qürur duyuruq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR