Azərbaycan və İsveçrə sosial müdafiə üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan və İsveçrə sosial müdafiə üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər
16:48 13 Noyabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə tanışlıq görüşü olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, respublikamızda əldə olunan makroiqtisadi sabitlik və dinamik inkişaf barədə səfirə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunun eyni zamanda sosialyönümlü xarakter daşıdığını vurğulayıb: “2004-cü ildən bəri iqtisadiyyatın 3,4 dəfə artdığı ölkədə bu dövrdə 1 milyon 400 mindən çox, cari ilin 9 ayında isə 87 min yeni iş yeri yaradılmaqla, əmək bazarında sabitliyə, işsizliyin 4,9 faizə, yoxsulluğun 5 faizə enməsinə nail olunub. Məşğulluq səviyyəsinin yüksəlməsi əmək haqlarının da artımı ilə müşahidə olunur. Təkcə bu ilin 8 ayında muzdla çalışanların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artıb. Ümumən ölkə əhalisinin gəlirlərində cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlərdə 4,5 faiz artım qeydə alınıb”.

S.Müslümov dünyada yaşanan böhran prosesləri səbəbindən hətta bir çox inkişaf etmiş ölkələrdə sosial proqramlara məhdudiyyətlər tətbiq edildiyi halda, Azərbaycanda əhalinin rifahına, sosial cəhətdən həssas qrupların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn bütün proqramların yüksələn xətlə davam etdirildiyini bildirib: “Növbəti ilin dövlət büdcəsinin də 36 faizdən çoxu sosial məqsədlərə yönəlib və büdcədə sosialyönümlü xərclərin çəkisi sabit saxlanılmaqla, bir sıra istiqamətlərdə artımların edilməsi də nəzərdə tutulub ki, bu da ölkənin sosial dövlət statusunu bir daha təsdiq edir”.

Ölkəmizin hər bir cəmiyyət üzvünün bərabər əsaslarla yararlana biləcəyi sosial hüquqlar sisteminə malik olduğunu qeyd edən nazir bu hüquqların mütərəqqi beynəlxalq dəyərlər əsasında təkmilləşdirilməsi, həmçinin Avropa Sosial Xartiyasının müddəalarının ratifikasıyası, Avropa Şurasının Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının tətbiqi yönündə görülən işləri də diqqətə çatdırıb.

Milli əmək və sosial müdafiə sisteminin innovativ texnologiyalar əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlardan bəhs edən nazir islahatlar prosesində qabaqcıl ölkələrlə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib: “Azərbaycanla İsveçrə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin inkişafı iki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığına əlverişli şərait yaradır. Hesab edirəm ki, qarşıdakı dövrdə bu imkanlardan faydalanmaq və fəal əməkdaşlıq müstəvisi yaratmaq mümkün olacaq”.

F.Ştalder Azərbaycanın bütün sahələrdə böyük inkişafa nail olduğunu və bunu izləməkdən məmnunluğunu vurğulayıb. O, respublikamızda səfir kimi fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində iki ölkənin əməkdaşlığına töhfələrini vermək üçün müvafiq səylər göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və İsveçrə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2456101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR