Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İşbaz tərəfindən aldadılan qadından "Bandotdel"ə ittiham - FOTO

İşbaz tərəfindən aldadılan qadından "Bandotdel"ə ittiham - FOTO

Date: 13 November 2015 17:27

İşbazlar tərəfindən külli miqdarda pulunun dələduzluq yolu ilə ələ keçirildiyini iddia edən Bakı sakini Şəfəq Əliyeva üz tutduğu "Bandotdel"də də eyni aqibətlə üzləşdiyi haqda şikayət edib.

Milli.Az xəbər verir ki, xanım qafqazinfo-ya müraciətində bildirib ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə başına gələnlərlə bağlı şikayət etsə də, bu, qurumun özü tərəfindən anlaşılmaz duruma salınıb. Belə ki, xanım Əliyeva iş adamı kimi tanış olduğu İlqar Abdullayev və onun qohumlarından şikayətçi olub: "İlqar Abdullayev məndən biznes qurmaq və əldə edilən gəlirdən pay vermək adı ilə 377 min dollar pul alıb. Mən qohumlarımdan və ətrafımdakı tanışlardan toplayaraq 19 mart 2014-cü il tarixdə verdiyim 70.000 ABŞ dolları məbləğində puldan başqa, 2014-cü ilin may ayına qədər olan iki aylıq müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 320.000 ABŞ dolları məbləğində pul vermişəm. Üstündə 3-4 ay keçsə də, heç bir gəlir əldə etmədim. İlqarla əlaqə saxladım, o, hətta verdiyim pulu ödəməkdən də yayınmağa başladı. Polisə müraciət edəcəyimi dedikdə, məndən borc almasına dair müqavilə imzalaya biləcəyini dedi və onun təhriki ilə 43 saylı Notariat Kontoruna gedib 320.000 ABŞ dolları məbləğində pulun borc olaraq rəsmiləşdirilməsinə dair 04.06.2014-cü il tarixli kredit müqaviləsini bağladıq.

Bundan sonra təxminən 2 ay da gözlədim, amma nə gəlir əldə etdim, nə də öz pulumu ala bildim. İlqarla əlaqə saxladım, dedi ki, mallar gömrükdə qalıb, buna görə də əlavə pula ehtiyac var. Mən verdiyim 320 min dollar batmasın deyə yenə tanışlardan pul toplayıb 57 min dolları da İlqara verdim. Bunda sonra isə ümumiyyətlə, İlqar mənlə əlaqəni kəsdi. Onun əmisindən yalnız verdiyimin 22 min dollarını geri ala bildim.  

2014-cü ilin dekabrında "Bandotdel"ə müraciət etdim. Buna baxmayaraq mənim şikayət ərizəmlə bağlı heç bir araşdırma aparılmadı, mən idarəyə çağırılmadım və izahatım alınmadı. Həmin ərəfədə məlum oldu ki, İlqar Abdullayev Nəsimi Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş edib. Mən də ona qarşı iddia qaldırdım. Sonradan eşitdim ki, mənim şikayətimə görə həmin şəxslər BMCMİ-yə çağırılıb, orada mənə qarşı edilən dələduzluğun mülki xarakterli iş kimi pərdələnməsi üçün İlqar və qohumlarına mənə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi izah edilib.

Yalnız məhkəmədə 04.03.2015-ci ildə pulun hissə-hissə qaytarılacağına dair barışıq imzalandıqdan sonra BMCMİ-dən mənim ünvanıma 10.03.2015-ci il tarixli məktub daxil oldu. Həmin məktubda göstərilirdi ki, müraciətimdə göstərilən xüsusatlar mülki xarakterlidir və hazırda Nəsimi Rayon Məhkəməsi tərəfindən həmin xüsusatlar üzrə mülki qaydada işə baxılır. Halbuki, mənim tərəfimdən bununla bağlı BMCMİ-yə məlumat verilməyib. Barışığa görə İlqar Abdullayev 14 ay ərzində mənə hissə-hissə ödəməli olduğu 355.000 dollardan heç nə qaytarmadı. Buna görə də işin icraata yönəldilməsi üçün müraciət etdim. 2015-ci ilin avqustunda İlqar Abdullayevlə mən İcra şöbəsində olarkən icra məmuru Orxan Hacıyevin otağına BMCMİ-nin baş əməliyyat müvəkkili Ağabəyov İslam digər bir nəfər xidmət yoldaşı ilə daxil olub İlqar Abdullayevi apardılar. Bir saat sonra mənə İstintaq şöbəsinin müstəntiqi Məmmədov Ramil zəng vuraraq İdarəyə dəvət etdi. İdarəyə getdikdə mən müstəntiqin otağında İlqar Abdullayevin oturduğunu gördüm. Müstəntiq hər ikimizə işin halları ilə bağlı suallar verərkən İlqar Abdullayev məndən götürdüyü pulları kimə verdiyini dedi. İlqar elə oarada söz verdi ki, mənə borclu olduğu puldan 50 min dolları yarım saata qaytaracaq. Elə bu vaxt müstəntiq bildirdi ki, onun barəsində başqa şikayətlər də var. Buna görə də İlqar və cinayətkar dəstənin digər üzvləri barədə cinayət işinin başlanılmasını təmin edəcək. Bundan cəmi 2-3 saat sonra isə İlqar Abdullayevin buraxıldığından xəbər tutan kimi yenə də aldadıldığıma, İlqarın həqiqətdə BMCMİ-nin himayəsi altında olduğuna tam şəkildə əmin oldum. Məndə olan məlumata görə, İlqarın mənə yarım saatın içində gətirəcəyi 50.000 ABŞ dollar məbləğində pul onun BMCMİ-dən buraxılmasına səbəb oldu. Lakin o pul mənə deyil, onun himayəçilərinə çatdı. Belə bir vəziyyət davam etdiyi təqdirdə özümü BMCMİ-nin qarşısında öldürməkdən başqa çarə görmürəm".

Şikayətçi Şəfəq Əliyeva baş prokuror Zakir Qaralova, Daxil işlər naziri Ramil Usubova, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək işin nəzarətə götürülməsini xahiş edib.

Qafqazinfo məsələ ilə bağlı DİN-dən münasibət öyrənməyə çalışıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, vətəndaş öz şikayəti ilə bağlı 102 xidmətinə və şəxsən nazirliyə müraciət edə bilər. Belə müraciətlər operativ şəkildə araşdırılır və qanuna müvafiq şəkildə ölçü götürülür.

Milli.Az




Tags:  İşbaz tərəfindən aldadılan qadından Bandotdelə ittiham FOTO


RƏYLƏR


Top news