Azərbaycanda qadınlara bu səbəbdən vəzifə verilmir

Azərbaycanda qadınlara bu səbəbdən vəzifə verilmir
18:01 13 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ildən həyata keçirilən tədbirlər nəticəsində qadınların, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların əmək bazarında iştirak imkanlarının artması gözlənilir.

ANS PRESS-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Qurum rəsmisi ümumilikdə 2016-cı ildə ölkəmizin əmək bazarında bir çox sahələrdə qadınların rolunun daha çox olduğunu açıqlayıb.

Azərbaycanda qadınlar və kişilər arasındakı bərabərliyin fərqlənməsi ölkədə uzun illər ərzində idarəetmə fəaliyyətinin kişilərin əlində cəmləşməsi ilə əlaqədardır.



Son illər bununla bağlı stereotipləri bir qədər sarsıtmaq mümkün olsa da, problem hələ də qalır. Dövlət qurumlarında, idarə və müəssisələrdə kişilər əksəriyyət təşkil edir, eyni zamanda qadınlar kişilərə nisbətən rəhbər vəzifələrdə olduqca az təmsil olunurlar, Bu səbəbdən onların qərarların qəbuluna təsiri azdır. Amma cəmiyyətdə qadının rolu, onların inkişafa təsiri danılmaz fakt olaraq qalır.

Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb.

Əslində, qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman verib.



Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb.

Lakin bu istiqamətdə müəyyən işlər görülsə də, hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar.

Buna hüquq müdafiəçisi Mehriban Zeynalova da öz etirazını bildirib. O, ötən gün Rabitə və Texnologiya naziri Əli Abbasovun vəzifəsindən azad olunması ilə bağlı öz Facebook səhifəsində belə bir status da paylaşıb:

"Nazirlərin çıxarılması və ya həbsinə başqaları kimi sevinc və ya kədər hissi keçirmirəm.... məni düşündürən o nazirlərin yerinə niyə qadınların təyin edilməməsidir... əgər qadın olmayacaqsa, kiminsə olmasının mənə heç bir əhəmiyyəti yoxdur".


Mehriban Zeynalova - Hüquq və Mediasiya adlı yerdə hüquq müdafiəçisi


Ekspertlər qadın məmurların barmaqla sayılacaq qədər az olmasına bir sıra faktorları səbəb gətirirlər. Əmək hüquqlarının müdafiəsi Liqasının sədri Sahib Məmmədov bunun səbəbini işə götürən zaman səlahiyyətin birbaşa sahibkara verməsində görür: "Təbii ki, işə götürənə qadın işçi sərf etmir. Onlar düşünürlər ki, qadınlar anadır, onların başı uşaqlarına daha çox qarışır. Başqa faktor odur ki, bizim ölkəmizdə uşaqlara baxan bağçalar, lazımi qurumlar yoxdur ki, qadın da təhsilini bitirən kimi dövlət işlərində işə düzələ bilsin. Düzdür, əvvəlki illərə nisbətən indi bəzi dövlət müəssisələrində qadınları görmək mümükündür, lakin, yenə də bu, istənilən nəticə deyil", - deyə Liqa sədri bildirdi.

Sahib Məmmədov onu da əlavə etdi ki, bu qeyri-bərabərliyi aradan qaldırmaq üçün 2006-cı ildən bəri qadınların rəhbər vəzifələrə təyin olunması ilə bağlı tədbirləri həyata keçirmək lazımdır.


Sahib Məmmədov - Əmək hüquqlarının müdafiəsi Liqasının sədri


Araşdırmalar göstərdi ki, bizdə qadınların çox çalışdığı sahələr, əsasən, müəllim, həkim, jurnalistika sahələridir. Lakin az çalışdığı sahələr isə iqtisadiyyat, hüquq sahələridir. Son vaxtlar yalnız deputatlar arasında qadınlara rast gəlinir. Amma bu sahədə də fərq böyükdür. Belə ki, 125 deputatdan yalnız 20-si qadındır.




Dünyanın bir çox ölkələrində isə yüksək dövlət vəzifələrinə kişilərlə yanaşı qadınlar da seçilir.

Məsələn, hazırda Türkiyədə Qadın və Ailə məsələləri üzrə Dövlət Naziri, Pakistanda Xarici İşlər Naziri, İranda Səhiyyə Naziri, Somalidə Qadın və Ailə Məsələləri üzrə Nazir, İspaniyada Səhiyyə Naziri qadındır. Azərbaycanda isə hazırda nazir vəzifəsində bir nəfər də olsun qadın fəaliyyət göstərmir.

Bundan başqa, Azərbaycanın heç bir ölkəsində qadın səfiri olmadığı halda, xarici ölkələrin Azərbaycanda bir neçə qadın səfiri var. Məsələn, Fransanın Azərbaycandakı yeni səfiriAureliya Buşezdir (Aurelia Bouchez). Almaniyanın Azərbaycandakı səfiri isə Haydrun Tempeldir.

Amma keçmişə nəzərə salsaq, görərik ki, Azərbaycanın ilk diplomatı qadın olub. Bu Ağqoyunlu dövlətinin (1468-1503/1508) banisi, sərkərdə və dövlət xadimi Uzun Həsənin anası Sara Xatundur. Onun Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində rolu danılmazdır.


Sara Xatun - Azərbaycanın ilk diplomat qadını


Bundan başqa, 1988-1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmiş Lidiya Rəsulova da Azərbaycanın bu günə qədər olan ilk və hələki sonuncu qadın naziridir.

Qadınların tutduğu bütün vəzifələrdə onların həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmələri, idarəçilik qabiliyyəti, işgüzarlığı və obyektivliyi sayəsində dərin hörmət qazanmaları, əslində, onların dövlət orqanlarında işləməsi üçün tutarlı səbələrdir. Odur ki, gəlin, qadınlarımıza yüksək dəyər verərək, onları yüksək peşəkarlıq və tələbkarlıq prinsiplərinə görə, demokratik dövlət quruculuğu prosesində iştiraklarına şərait yaradaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR