Azərbaycanda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır

17:27 29 Dekabr 2014
147 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 17:25 ]

Bakı. Gülnar Bəşirova - APA. “I Avropa Oyunları ilə əlaqədar Bakıda böyük idman infrastrukturu yaradılmaqdadır”.

 

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, hazırda çimərlik voleybolu, çimərlik futbolu, 3x3 (üçün üçə) basketbolu, su polosu idman növləri üzrə yarışların keçiriləcəyi Avropa Oyunları Parkının, Su İdmanı Sarayının, açılış və bağlanış mərasimləri, eləcə də atletika idman növü üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulmuş 68000  tamaşaçı tutumu olan futbol stadionunun, BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi, stend atıcılığı üzrə idman kompleksinin yenidən qurulması, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin,  Bakı İdman Sarayının əsaslı təmiri işləri uğurla həyata keçirilir: “Bu il həmçinin Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika Arenasının, arenanın yanında məşq zalının və köməkçi qurğuların tikintisi obyektinin I mərhələsinin, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun, Daşkəsən rayonunda Gənclərin Təlim və İstirahət Mərkəzinin açılış mərasimləri keçirilib”.

 

A.Rəhimov onu da əlavə edib ki, hazırda 9 Olimpiya və idman kompleksinin tikintisi və tikintiyə hazırlıq işləri aparılır: “Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulması, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, 13 idman zalı və qurğusunun tikinti işləri davam etdirilir. Kamandan oxatma idman növü üzrə yarışların keçirilməsi üçün T.Bəhramov adına Respublika Stadionunda müvəqqəti qurğuların qurulması üzrə bir sıra işlər yerinə yetirilib. 68 000 tamaşaçı tutumu olan futbol stadionunda əlavə işlər yerinə yetirilir. Kanoye idman yarışlarının keçirilməsi məqsədilə Mingəçevir “Kür” Olimpiya Tədris İdman Mərkəzində əlavə işlərin icrasına başlanılıb. Eyni zamanda idman nümayəndə heyətləri üçün atletlər kəndi və media nümayəndələri üçün media kəndi üzrə işlər  nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR