Bakı, 18 noyabr, AZƏRTAC
İndiyədək 17 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) dövlət qeydiyyatına alınıb. Hazırda yeni üsulların tətbiqi, o cümlədən yeni MMMC-lərin yaradılması istiqamətində əlavə olaraq 20-dən artıq layihə üzrə işlər aparılır.
İqtisadiyyat və Sənaye Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov noyabrın 18-də Bakıda keçirilən "Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa"da deyib.
Nizami Qasımov ölkəmizdə həyata keçirilən mənzil-kommunal siyasəti, institusional islahatlar və bu sahənin inkişaf perspektivləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, mənzil fondunun idarə olunması istiqamətində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb, 2009-cu ildə yeni Mənzil Məcəlləsi qəbul edilib. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi baza rolunu oynayır. Bakı şəhərində çoxmənzilli binalarda sahə mülkiyyətçiləri tərəfindən yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar MMMC-lər yaradılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Arif Nəzərov MMMC-lərin yaradılmasında dövlət dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda MMMC-lərin təşkili barədə təqdimatlarla çıxış ediblər.
Tədbirdə iqtisadçı-ekspert Nüsrət İbrahimovun, "Yasamal-2" MMMC-nin sədri Gülbaba Cavadovun, "Xətai-3" MMMC-nin sədri Mehman Nağıyevin məruzələri dinlənilib.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, beynəlxalq təşkilatların, aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin və çoxmənzilli binalarda yaradılan MMMC-lərin, həmçinin təşəbbüs qruplarının nümayəndələri iştirak edib.