Alınan qüsurlu malı necə geri qaytarmaq olar?

Alınan qüsurlu malı necə geri qaytarmaq olar?
18:29 29 Dekabr 2014
228 Sosial
Ölkə mətbuatı
A- A+

Yəqin ki, çoxunuz belə halla üzləşmisiniz - aldığınız hər hansı əşyada nöqsan olub, geri qaytarmaq və ya dəyişdirmək istəyəndə isə problemlə qarşılaşmısınız.

 

Halbuki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 7-ci maddəsinə əsasən istehlakçı qüsurlu olan malı lazımi keyfiyyətdə olan mala dəyişdirmək, satış məbləğini uyğun məbləğdə azaltmaq, qaytarılma zamanı çəkilən xərclərin istehsalçı yaxud satıcı tərəfindən ödənməsi hüququna malikdir.

 

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov APA TV-yə deyib ki, həmin qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, modelinə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var: "Satıcılar və istehsalçılar öz növbəsində istehlakçının qüsurlu malını geri götürməyə və qanunun tələblərinə uyğun olaraq ona dəyən ziyanı aradan qaldırmağa borcludur. Lakin satıcı və istehsalçı sübut edərsə ki, malda yaranan qüsurlar istifadə qaydalarının pozulması, saxlamanın düzgün həyata keçirilməməsi, mexaniki təsir və fiziki zədə nəticəsində əmələ gəlib, bu hallarda satıcılar və istehsalçılar məsuliyyətdən azad edilirlər".

 

Zahid Şərifovun sözlərinə görə, bir sıra mallar var ki, onlar geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Bu malların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bura qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi  malları daxildir.

O ki qaldı qüsuru olmayan malların dəyişdirilməsinə, qanunun 15-ci maddəsinin 2-ci bəndində məsələ geniş əksini tapıb: "Əgər istehlakçı aldığı qeyri-ərzaq malının bəzi xüsusiyyətlərinin yəni rənginin, ölçüsünün ona uyğun gəlmədiyini görürsə və yaxud təyinatı üzrə istifadə oluna bilmirsə, bu halda 14 gün ərzində həmin malı dəyişdirmək hüququna malikdir. Amma dəyişdirmə zamanı malın əmtəə nişanı, qablaşdırılması korlanmamalıdır. İstehlakçıya alqı-satqı zamanı verilən sənədlər saxlanılmalıdır. Malın alındığını sübut edən kassa çeki və yaxud qəbz təqdim olunmalıdır. Bu halda alıcı - satıcıdan qeyd etdiyimiz şərtlər daxilində qeyri ərzaq mallarının dəyişdirlməsini tələb edə bilər. Əgər dəyişdirmə anında satışda uyğun mal yoxdursa, bu halda istehlakçı mal üçün ödədiyi pulu geri tələb etmək hüququna malikdir".

 

Qurum rəsmisi bildirib ki, 2014-cü ilin 10 ayı ərzində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə 2619 müraciət olub, 1415 istehlakçının hüquqları tam bərpa olunub, 700 nəfərə isə müxtəlif izahatlar verilib. 2013-2014-cü il ərzində 6 milyon mobil telefon istifadəçisinə maarifləndirici xarakterli sms xidməti göstərilib.

İstehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlara, nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR