Nikahdan əvvəl icbari tibbi müayinə nə üçün lazımdır? – MUSA QULİYEV

Nikahdan əvvəl icbari tibbi müayinə nə üçün lazımdır? – MUSA QULİYEV
19:59 29 Dekabr 2014
1277 Sosial
Ölkə mətbuatı
A- A+

“İnsanın ən təbii və böyük haqqı sağlam doğulmaqdır, əgər valideynlər bilə-bilə dünyaya xəstə uşaq gətirirlərsə, bu, əslində, yeni doğulan uşağın sağlamlıq hüququnu pozmaqdır”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Qonaq nikahdan əvvəl icbari tibbi müayinə barədə qanun layihəsinin üzün müddət Milli Məclisdə müzakirə olunmasının səbəblərindən danışıb: “Nikahdan əvvəl icbari tibbi müayinə haqqında qanun layihəsi Milli Məclisdə təxminən 6-7 il əlaqədar nazirliklərin, QHT-lərin və mətbuat orqanlarının iştirakı ilə dəfələrlə, müxtəlif rakurslardan müzakirə olundu, dünya təcrübəsi öyrənildi. İstər Milli Məclisdə, istərsə də cəmiyyətdə layihənin əleyhinə olanlar çox idi. Bəziləri bunu insan haqlarının pozulması kimi qəbul edirdilər. Lakin hər bir vətəndaş sağlam cəmiyyətin formalaşması üçün məsuliyyət daşıyır. Eyni zamanda, insanın ən böyük haqqı dünyaya sağlam doğulmaqdır. Dünyanın çox ölkələrində belə qanunlar yoxdur, yalnız belə qanunlara sosial sifarişin olduğu ölkələrdə var. Qanun qəbulunu uzatmaqda məqsədimiz həm də cəmiyyətin maariflənməsi idi. Bu məqsədlə müxtəlif monitorinqlər də keçirildi. Məsələn, qapalı yerlərdə siqaretin çəkilməsinin məhdudlaşdırılması ilə bağlı qanun da 7-8 ildir müzakirə olunur, lakin hələ cəmiyyət buna tam hazır deyil”.

Musa Quliyev artıq cəmiyyətdə belə bir qanunun anlayışla qarşılandığını bildirib: “Artıq hamı dünyaya sağlam uşaq gətirməyin vacibliyini anlayır və hal-hazırda tibb elminin inkişafı sayəsində hətta xəstə gen daşıyıcıları da vaxtında tibbi müayinə və müdaxilənin köməyi ilə sağlam uşaq dünyaya gətirə bilər. Dövlət başçısı özü qanunvericilik təşəbbüsü ilə çıxış etdi, layihə onun imzası ilə Milli Məclisə göndərildi. Artıq 2015-ci il yanvarın 1-dən qanun qüvvəyə minir”.

Millət vəkilinin fikrincə, Azərbaycanda bəzi xəstəliklərin artması belə qanun layihəsinin tətbiqini zəruri edir: “Belə qanunların qəbul edilməsi üçün ilk növbədə bir sıra xəstəliklərin geniş yayılması və endemik ocaqların olması vacibdir. Bu, əsasən irsi qan xəstəliklərinin - talassemiya hemofiliyanın geniş yayılması, həm cinsi yolla keçən, həm də valideyndən övlada ötürülən yoluxucu xəstəliklərin çoxalması ilə bağlıdır. Əvvəlcə dünya təcrübəsi araşdırıldı. Qeyd edək ki, keçən əsrin 40-cı illərində demokratik dövlət olan Fransada ilk dəfə hemofiliya xəstəliyi ilə bağlı belə bir qanun qəbul edildi. Bunun sayəsində qısa müddət ərzində Fransada hemofiliya xəstəliyinin kökü kəsildi. Hazırda kimsə bu xəstəliyin daşıyıcısı ola bilər, lakin hemofiliya xəstəsinin doğulması üçün şərait yaranmır. Əsasən Aralıq dənizi sahillərində yaşayan əhali üçün xarakterik talassemiya da qırmızı qan hüceyrələrinin yaranmasında gen səviyyəsində bir patologiyadır. Ötən əsrin 70-ci illərində bu xəstəlik Yunanıstanda çox geniş yayılmışdı və orada da belə bir qanun qəbul olunması ilə təxminən 20 il ərzində talassemiya xəstəliyinin faizi sıfıra endi. Elə həmin dövrdə Türkiyə hökuməti belə bir qanun qəbul etdi. Nəticədə bu ölkələrdə talassemiya xəstəliyinə çox epizodik hallarda rast gəlinir”.

Musa Quliyev irsi qan xəstəliklərinin müalicəsi üçün görülən tədbirlərdən danışıb: “Hazırda dövlətimiz talassemiya və hemofiliya xəstələrinin müalicəsi üçün böyük vəsait xərcləyir, bu məqsədlə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda Talassemiya və Hemofiliya Mərkəzi fəaliyyət göstərir. Hər il bu xəstələrin müalicəsi üçün təxminən 30 milyon manata yaxın dövlət vəsaiti ayrılır, son nəticə kədərləndiricidir. Çünki bu insanlar adətən 20-25 yaşına çatana qədər xəstə halda yaşaya bilirlər və axırda dünyadan köçüb gedirlər. Valideyn də bu müddət ərzində xəstə övladı ilə bir yerdə əziyyət çəkir. Bunun genetik səbəblərini aradan qaldırmaq üçün nikaha girən şəxslərin icbari müayinəsi labüd idi”.

Millət vəkili nikahdan əvvəl tibbi müayinə zamanı hansı xəstəliklərin yoxlanması barədə məlumat verib: “Bu xəstəliklərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir, təxminən 4 və ya 5 xəstəlik üzrə icbari tibbi müayinə nəzərdə tutulur. Şübhəsiz ki, talassemiya və hemofiliya xəstəliyi, hepatitlər, insanın immun çatışmazlığı virusu, yəni HİV analizi, eyni zamanda, irsi yolla keçən nevroloji-ruhi xəstəliklər də bu siyahıda ola bilər”.

Qonaq tibbi müayinə proseduru barədə də ətraflı danışıb: “Hər bir nikaha girmək istəyən cütlük ərizə ilə VVAQ orqanlarına müraciət edərkən, yaşadıqları yerdə tibbi müayinədən keçmək barədə arayışı da təqdim etməlidirlər. Belə bir arayışın olmadığı halda, VVAQ orqanları ərizəni qəbul etdikdən sonra onlara tibbi müayinə üçün müddət verəcək. Gənclər qeydiyyatda olduqları ərazinin poliklinikasında dövlət hesabına müvafiq tibbi müayinələrdən keçəcək və müayinənin nəticələri həmin poliklinikanın səlahiyyətli həkimi tərəfindən yalnız onların özünə elan olunacaq. VVAQ orqanlarına diaqnozun göstərilmədiyi, yalnız icbari tibbi müayinədən keçmək barədə arayış veriləcək. Həmin şəxslər xəstə və ya daşıyıcı olmaları barədə məlumatlandırıldıqdan sonra evlənmək barədə özləri qərar verərlər. Bu zaman seçim hüququ onların özünə aiddir. Lakin tibbi müayinədən keçmək barədə sənədi olmayan cütlüklərin nikahı VVAQ tərəfindən qeydə almayacaq, onların rəsmi nikahı olmayacaq”.

Millət vəkili analizlərdə yanlışlıq olma ehtimalı barədə də danışıb: “İrsi qan xəstəliyi daşıyıcılığını yoxlamaq üçün bütün müəssisələrdə şərait yaradılacaq. Əgər hər hansı yoluxucu xəstəliyə şübhə varsa təkrar yoxlanma üçün mərkəzə göndəriləcək. Əlbəttə, insana hər hansı xəstəliklə bağlı dəqiq rəy vermək böyük məsuliyyət tələb edir. Lakin ola bilməz ki, analizlər hər iki şəxsdə səhv olsun. İstənilən bir fəaliyyətdə mümkün yanlışlıq ehtimalı var. Lakin belə səhvə görə qanunda inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. O ki qaldı insanların müayinəyə getməməsinə, mən buna inanmıram”.

Musa Quliyev tibbi inkişafın hər kəsə sağlam uşaq dünyaya gətirmək hüququ verdiyini deyib: “İstənilən halda dövlət öz vətəndaşını köməksiz qoymayacaq. Düşünmürəm ki, daşıyıcı və xəstə olduğunu bilən dünyaya xəstə uşaq gətirsin. Hazırda tibbin inkişafı hətta iki xəstə şəxsin də müayinə və müalicə ilə sağlam uşaq sahibi ola bilməsini mümkün edir. Azərbaycanda da buna şərait və imkan var. Öncədən məlumat olduqda, həkim nəzarəti altında hamiləlik zamanı sağlam genlər təyin olunur. Əlbəttə, bu, bahalı əməliyyatlardır. Müayinələrin aparılması çox ciddi, ağır nəticələrin qarşısını alacaq. Əgər 40-50 il qabaq talassemiya konkret olaraq müəyyən bölgələrdə idisə, son illər baş verən urbanizasiya nəticəsində artıq respublikanın hər bölgəsində rast gəlinir”.

İcbari tibbi müayinə sayəsində başqa xəstəliklərin də aşkarlanmasının faydalı olacağını deyən qonaq ana ölümləri məsələsinə də toxunub: “Bəzən uşaq vaxtından anada ürək qüsuru olur və bu barədə məlumatı olmur. Hamiləliyin son aylarında bu problem aşkar olduqda xəstə məsuliyyəti dərk etmir bunun nəticəsi isə faciəvi olur. Yaxud elə nevroloji, psixi xəstəliklər var ki, gizli gedir, lakin hamiləlik dövründə kəskinləşir. Bu isə həm ana, həm də uşaq üçün də təhlükəlidir. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsi təkcə Səhiyyə Nazirliyinin qəbul etdiyi o siyahıda olan sosial xarakterli xəstəliklərin deyil, digər xəstəliklərin də müayinə olunmasına, aşkarlanmasına gətirib çıxardacaq. Əminəm ki, bu qanun cəmiyyətimiz tərəfindən anlayış və hörmətlə qarşılanacaq və yaxın 10-15 il ərzində biz Azərbaycanda tamamilə sağlam cəmiyyət görəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR