Dünən Londonda dünya moda aləminin ən nüfuzlu mükafatlarından biri sayılan "2015 British Fashion Awards"ın təqdimat mərasimi keçirilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "London Coliseum"dakı mərasimin ulduzları arasında Viktoriya və Devid Bekhemlər, Devid Qandi, Ledi Qaqa, Rozi Hantinqton-Uaytli, Salma Hayek, Naomi Kempbell, Rita Ora, Liv Tayler, Karl Laqerfeld, Anna Ventur və başqaları vardı.
Mərasimin qeyri-rəsmi dress-kodu "seksual paltarlar"dı. Xanımlar dərin dekolteli, açıq-saçıq geyimləri seçmişdilər.
"İlin dizayneri" nominasiyasında iddialı olan Viktoriya Bekhemsə çox mühafizəkar, "kişi stilli" paltarı ilə diqqət çəkib.
Fəqət, o, nominasiyanın qalibi olmayıb. Uğur 31 yaşlı irlandiyalı Conatan Andersonun olub. O, mükafatın tarixində ilk dəfə olaraq "Qadın geyimi dizayneri" və "Kişi geyimi dizayneri" nominasiyalarında rəqiblərini üstələyib.
"İlin brendi" nominasiyasının qalibi Stella Makkartni, "İlin modeli" - 25 yaşlı Cordan Dann olub.
Ledi Qaqa isə mərasim əsnasında iki paltar dəyişib. Paltarların ikisi də qırmızı idi.
Milli.Az














































































































