Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Dövlətçilik tariximiz və atributlar: Naxçıvan xanlığının bayraqları” mövzusunda konfrans

“Dövlətçilik tariximiz və atributlar: Naxçıvan xanlığının bayraqları” mövzusunda konfrans

Date: 2 December 2015 14:18


Naxçıvan, 2 dekabr, AZƏRTAC
Son illər aparılan tədqiqatlar Naxçıvan xanlığına aid bayraqlar, rəmzlər haqqında maraqlı faktların əldə edilməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Dövlətçilik tariximiz və atributlar: Naxçıvan xanlığının bayraqları” mövzusunda keçirilən konfransda danışılıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Naxçıvan xanlığına aid bayraqlar haqqında məlumat verib.
Qeyd edilib ki, Naxçıvan xanlığının bayraqları Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, bayraqşünas Pərvin Gözəlov tərəfindən Sankt-Peterburq şəhərinin Ermitaj Muzeyinin bayraq fondunda və arxivində aparılan elmi tədqiqatlar nəticəsində aşkarlanıb. Naxçıvan xanlığının bizədək gəlib çatan bayraqlarından biri 1812-ci ilin 19-20 oktyabrında Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülmüş döyüş bayrağıdır. Dövlət bayrağı isə 1827-ci ildə xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi əldə edilmiş bayraqdır. Dövlət bayrağı bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun qədim və orta əsr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev “Naxçıvan xanlığının siyasi atributları: dövlət və döyüş bayraqları”, həmin institutun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Naxçıvan xanlığının diplomatiyası və müdafiə məsələləri”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nəzakət Əsədova “Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğində muzeylərin rolu” mövzularında çıxış ediblər.
Bildirilib ki, qızılı ipəkdən hazırlanan və bir-birinə üfüqi şəkildə tikilən üç parçadan ibarət olan dövlət bayrağının eni 144, uzunluğu 178 santimetrdir. Bayrağın üzərində 6 ədəd səkkizguşəli ulduz və nəbati elementlər əks edilib. Üst zolağın üzərində qızılı saplarla ərəb qrafikası ilə “Qurani-Kərim”in “Səff” surəsindəki “Allah dərgahından kömək, qələbə yaxındır, möminlərə müjdə ver, Ya Mühəmməd” ayəsi həkk edilib.
Döyüş bayrağının uzunluğu 145, eni isə 159 santimetrdir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, sol tərəfində “Qurani-Kərim”dən “əl-Fəth”, bir qədər aşağıda isə “əl-Bəqərə” surələrinin bir hissəsi yazılıb.

Tags:  Dövlətçilik tariximiz atributlar Naxçıvan xanlığının bayraqları mövzusunda konfrans



RƏYLƏR


Top news