Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycanda 13,5 mindən artıq adsız küçə var

​Azərbaycanda 13,5 mindən artıq adsız küçə var

Date: 2 December 2015 15:32

Bakı. 2 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) qısa müddət ərzində ölkədə müasir ünvan işinin qurulması istiqamətində bir çox işlər görüb. Respublika üzrə ünvan reyestrinin aparılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının, coğrafi informasiya sistemlərinin tətbiqi ilə vahid ümumdövlət ünvan mənbəyi - Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri məhz bu sistem təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır. 
Yeni ünvan sisteminin tətbiqi, daşınmaz əmlak obyektlərinə yeni yanaşmalar əsasında ünvanların verilməsi ölkədə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. ÜRİS beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə hazırlanıb. Komitə tətəfindən ölkənin ünvan tarixində ilk dəfə olaraq, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvanların verilməsi işi elektronlaşdırılıb. Eyni zamanda ünvanaxtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.
Yeni qaydalara əsasən, ünvan vermədə bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası" deyil, "giriş ünvanı konsepsiyası" tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu, Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir.
Hazırda ÜRİS-də ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6 705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603 126 giriş ünvanı, 335 037 ədəd daxili ünvan məlumatları mövcuddur. O cümlədən, Bakı şəhərinin 758 küçə və prospektində, Gəncə şəhərinin 846 küçə və prospektində, Sumqayıt şəhərinin 195 küçə və prospektində yeni qaydalara uyğun ünvanvermə işi yekunlaşıb. Bütün bu məlumatlar artıq ÜRİS-ə daxil edilib.
Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1 259 kənd yaşayış məntəqələri üzrə 13 527 adsız küçə formalaşdırılıb. Yaxın iki ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaq.
Bununla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata keçirilir. Hazırda ƏMDK yeni dizaynda informasiya, park informasiya lövhələrinin və küçə istiqamətləri qurğularının küçə və prospektlərdə, parklar və xiyabanlarda quraşdırılması işləri davam etdirir.
Bakı şəhərində 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb. Yeni ünvan sisteminin yaradılması ünvanların tez və rahat tapılmasına imkan verəcək, eləcə də müxtəlif xidmətlər göstərən dövlət qurumlarının işini asanlaşdıracaq.

Tags:  Azərbaycanda 13 mindən adsız küçə var

RƏYLƏR


Top news