Unutmaz bu oba, bu mahal məni…

16:18 2 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Böyük şairimiz Səməd Vurğun Azərbaycan poeziyasının min illik populyarlığını yaradan şairlərimizdəndir”. Bu sözlər dekabrın 2-də şairin ev-muzeyinin 40 illik yubileyinin qeyd edildiyi tədbirdə səsləndirilib
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Nüşabə Vəkilova ev-muzeyin yaranma tarixindən danışıb. Bildirilib ki, muzey 1975-ci il oktyabrın 6-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Böyük şair bu evdə ömrünün son 2 ilini (1954-1956) yaşayıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 40 ildir ki, səmərəli fəaliyyət göstərən Səməd Vurğunun ev-muzeyinin həcmcə böyük fondlara malik muzeylər kateqoriyasına aid olduğunu və burada zəngin eksponatların qorunub saxlandığını söyləyib. Nazir müavini bildirib ki, muzey yarandığı gündən ictimaiyyətlə sıx əlaqə qurub, burada müxtəlif sərgilər və tədbirlər, elmi sessiyalar keçirilib. Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən ekspozisiya daima təkmilləşdirilib, şairin övladları-Xalq Yazıçısı Yusif Səmədoğlu, Xalq Şairi Vaqif Səmədoğlu, qızı-Əməkdar Mədəniyyət İşçisi Aybəniz Vəkilovanın həyat və yaradıcılığına həsr olunmuş güşələr yaradılıb və yeni eksponatlarla zənginləşdirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akadmiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərov, Xalq Yazıçısı Anar, tanınmış yazıçı-publisist Elmira Axundova, filologiya elmləri doktoru Şirindil Alışanlı, muzeyin elmi işçisi, vurğunşünas alim Aslan Salmansoy və başqları unudulmaz şairin yaradıcılığından, Azərbaycan poeziyasinda tutduğu mövqeyindən söhbət açıblar.
Xalq Artisti, bəstəkar Sevda İbrahimova atası-Xalq Yazıçısı Mirzə İbrahimovla şairin yaradıcılıq münasibətlərindən və dostluğundan xatirələr danışıb.
Tədbirdə Səməd Vurğunun sözlərinə S.İbrahimovanın bəstələdiyi mahnı, habelə şairin nəticəsi, beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilovun fortepianoda ifa etdiyi musiqi səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unutmaz_bu_oba_bu_mahal_meni_-907564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR